Bu gün:

Prezident İlham Əliyev : “Sülh əldə olunub, formal imza qalır”


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Münxendə "France 24" telekanalına müsahibəsində bildirib ki, Ermənistanla münaqişə faktiki olaraq başa çatıb və tərəflər artıq “sülh şəraitində yaşamağı öyrənirlər”.

Prezident qeyd edib ki, ötən ilin avqustunda Ağ Evdə ABŞ Prezidenti Donald Trump və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə imzalanmış birgə bəyannamə münaqişənin bitdiyini göstərir: “Altı aydan artıqdır ki, sərhəddə vəziyyət sakitdir. Atəş açılmır, itkilər yoxdur”,-deyə Prezident İlham Əliyev bildirib.

Prezident əlavə edib ki, Azərbaycan Ermənistan üçün tranzit məhdudiyyətlərini aradan qaldırıb və neft məhsullarının təchizatına başlayıb. Onun sözlərinə görə, bu addımlar normallaşma prosesinin faktiki başladığını göstərir.

Konstitusiya məsələsi “qırmızı xətt” kimi

Prezident İlham Əliyev bildirib ki, rəsmi sülh sazişinin imzalanması üçün əsas şərt Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə dair iddiaların aradan qaldırılmasıdır.

"Ermənistanın Konstitusiyasında, - hansı ki, Qarabağın işğal altında olduğu dövrdə, uzun müddət bundan öncə qəbul olunmuşdur, - Ermənistanın İstiqlaliyyət Bəyannaməsinə istinad var. Orada da “qondarma Dağlıq Qarabağ və Ermənistan birləşməlidir” məzmunlu paraqraf var. Beləliklə, bu, Azərbaycana ərazi iddiasıdır. İkinci Qarabağ müharibəsinin bitməsindən sonra uzun illər ərzində bizim mövqeyimiz çox aydın olub. O dəyişilməlidir. Bu dəyişiklik olmasa, sülh sazişi imzalanmayacaq",- deyə Əliyev vurğulayıb.

Onun sözlərinə görə, Ermənistan referendum keçirməyi planlaşdırır və bu baş tutarsa, rəsmi imzaya heç bir maneə qalmayacaq.

ABŞ ilə strateji tərəfdaşlıq

Müsahibədə ABŞ ilə münasibətlərə də toxunan Prezident İlham Əliyev bildirib ki, Vaşinqtonla imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası müdafiə, enerji, süni intellekt, investisiya və nəqliyyat sahələrini əhatə edir.

Prezident qeyd edib ki, ABŞ tərəfindən Azərbaycana silah satışına qoyulmuş məhdudiyyətlər aradan qaldırılıb.

"Azərbaycanın iki ərazisini Ermənistan ərazisindən birləşdirəcək və hətta Avropa qitəsinə qədər uzanacaq marşrut Prezident Trampın adını daşıyır. Bu, Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutudur. Düşünürəm ki, ABŞ Prezidentinin şəxsən öz üzərinə götürdüyü bu öhdəlik və ABŞ hökumətinin gündəliyi TRIPP-in inşa olunacağını göstərir. Bu, böyük məsafə deyil, cəmi 40 kilometrdən çoxdur",-deyə İlham Əliyev bildirib.

Qarabağ üzrə məhkəmə qərarları

Müsahibədə Qarabağda separatçı qurumun keçmiş rəhbərlərinə verilmiş ağır həbs cəzalarına da toxunulub.

Prezident bildirib ki, həmin şəxslər “müharibə cinayətlərinə görə məsuliyyətə cəlb olunublar” və məhkəmə prosesi şəffaf keçirilib.

Əfv ehtimalı ilə bağlı suala cavab verən İlham Əliyev bu addımı mümkün hesab etməyib və vəziyyəti İkinci Dünya müharibəsindən sonrakı Nürnberq məhkəmələri ilə müqayisə edib.

Fransa ilə münasibətlər

Fransa ilə münasibətlərə toxunan Prezident bildirib ki, gərginliyin səbəbi Azərbaycan olmayıb.

Prezident qeyd edib ki, İkinci Qarabağ müharibəsindən əvvəl münasibətlər müsbət olub, lakin Fransa parlamentində qəbul edilən qətnamələr və bəzi fransız siyasətçilərin Qarabağa səfərləri münasibətləri kəskinləşdirib.

Bununla belə, Prezident Makronla son görüşün “müsbət atmosferdə” keçdiyini və münasibətlərin normallaşdırılması üçün qarşılıqlı iradə olduğunu bildirib.


Fatimə Hüseynova 

Paylaş
Şərh əlavə et