Fevralın 14-ü dünyada Beynəlxalq Kitab Bağışlama Günü kimi qeyd olunur. Bu tarix təqvimdə yer alan ən gənc beynəlxalq günlərdən biri hesab edilir.

Mütaliə insanın daxili aləmini zənginləşdirən, onu daha məlumatlı və həssas edən ən təsirli vasitələrdən biridir. Kitab hədiyyə etmək isə yalnız bir əşya təqdim etmək deyil, həm də düşüncə, bilik və yeni baxış bucaqları paylaşmaq deməkdir. Bu addım oxuma mədəniyyətinin yayılmasına töhfə verir və xüsusilə uşaqlar və gənclər arasında kitaba marağın artmasına şərait yaradır.
24media.az xəbər verir ki, bu əlamətdar gün oxumağın və kitab paylaşmağın birləşdirici rolunu ön plana çıxarır, cəmiyyətdə mütaliəyə və biliyə marağı artırmağa xidmət edir.
Beynəlxalq Kitab Bağışlama Günü ilk dəfə 2012-ci ildə ABŞ-də kitabsevərlərin təşəbbüsü ilə qeyd olunub. Bu ideyanın müəllifi Emmi Brodmurdur. O, Delightful Children’s Books adlı uşaq kitabları saytının yaradıcısıdır. Maraqlıdır ki, təşəbbüs onun azyaşlı oğlunun sadə, lakin düşündürücü sualından sonra yaranıb: niyə insanların bir-birinə kitab hədiyyə etdiyi xüsusi bir gün yoxdur?
Artıq 2013-cü ildən etibarən Cənubi Afrika, Braziliya, Sinqapur, Böyük Britaniya, Hindistan və Yeni Zelandiya da daxil olmaqla bir çox ölkədən olan bloqerlər bu təşəbbüsə qoşulub və günü uşaqlara kitab hədiyyə etməyə həsr olunmuş bir tarix kimi qeyd etməyə çağırıblar. Qısa müddətdə bu ideya geniş yayılıb və fevralın 14-ü dünyanın müxtəlif ölkələrində kitab sevgisini paylaşmaq günü kimi qəbul olunub.
Bu günün əsas məqsədi sadə, lakin dərin məna daşıyır: insanları sevdiklərinə və ya kitaba ehtiyacı olanlara kitab bağışlamağa təşviq etmək. Çünki hər bir kitab yalnız bir insan üçün deyil, bütövlükdə cəmiyyət üçün dəyərli bilik mənbəyidir, insanları yaxınlaşdırır və gələcək nəsillərə mədəni sərvət kimi ötürülür.
Fatimə Hüseynova
