İnternetdə ev heyvanları üçün xüsusi hazırlanmış videolar viral olub. Pişik və itlərə ekranda qaçan siçanı və ya budaqdan budağa uçan quşları izləmək təklif olunur. Analitiklər artıq bu cür kontenti media bazarının ayrıca bir seqmenti adlandırıblar.

İnternetdə pişik və it sahibləri ip, oyuncaqlar, balıqlar və sincablarla bağlı videolar tapırlar. Bu videolar bəzən saatlarla davam edir və milyonlarla baxış toplayır. Xüsusilə tünd rəngli siçanların parlaq fon üzərində qaçdığı video çox məşhurdur. Pişiklər ekrana uzun müddət “zillənib” qalır, sanki ov zamanı pusquda dayanırlar. Video 150 milyon baxış yığıb.
YouTube-dan başqa heyvanlar üçün belə videolar təqdim edən xüsusi platformalar da var. ABŞ-də 2013-cü ildə yaradılan DOGTV kanalı indi striminq platforması kimi fəaliyyət göstərir. Burada həm sakitləşdirici qısa videolar, həm də daha “həyəcanlı” görüntülər təqdim olunur. Alimlər deyirlər ki, heyvanlar ekranda hərəkəti tanıya bilirlər, amma adətən diqqətləri uzun müddət qalmır.
Baytarlar isə heyvanları bu videolara həddən artıq öyrəşdirməməyi tövsiyə edirlər, çünki hər heyvanın xarakteri fərqlidir. Bəziləri tanımadığı görüntülərdən və səslərdən qorxa bilər.
Mənbə: life.ru
Tərcümə etdi: Aysel Mehtizadə
