Avropa İttifaqı (Aİ) məkanında sosial şəbəkə istifadəçiləri ciddi rəqəmsal təhlükə ilə üz-üzədir. Aparılan son araşdırmalar göstərir ki, platformalarda yayımlanan reklamların əhəmiyyətli hissəsi istehlakçıları aldatmağa yönəlib. Bu növ elanlar əsasən saxta investisiya vədləri, mövcud olmayan xidmətlər və cəlbedici, lakin yalançı məhsul təklifləri vasitəsilə insanların vəsaitlərini mənimsəmək məqsədi daşıyır.
24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Juniper Research” analitik şirkətinin araşdırmasına əsasən, Aİ ölkələrində hər yeddi reklamdan biri fırıldaqçılıq xarakteri daşıyır. Xüsusilə Çexiya nümunəsində qeyd olunur ki, 2025-ci ildə bu cür "scam" reklamlar platformalara 139 milyon avro qazanc gətirib ki, bu da ölkənin ümumi sosial media reklam gəlirlərinin 14 faizindən çoxdur. Mütəxəssislər vurğulayırlar ki, bu reklamlardan gələn mənfəət onların qarşısının alınması xərclərini üstələdiyi üçün texnologiya nəhəngləri mübarizədə yetərincə maraqlı görünmürlər.
Mövcud tendensiya nəzarət altına alınmazsa, 2030-cu ilə qədər Avropada saxta reklamların həcminin daha da artacağı proqnozlaşdırılır. Mütəxəssislər hesab edirlər ki, istifadəçilərin maliyyə təhlükəsizliyini qorumaq üçün reklamverənlər üzərində daha sərt qanunvericilik və monitorinq mexanizmləri tətbiq edilməlidir. Əks halda, rəqəmsal məkanda fırıldaqçılıq halları həm fərdi şəxslər, həm də iqtisadiyyat üçün daha böyük itkilərə yol aça bilər.
Arzu Qafarova
