Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq müstəvidə humanizm və dialoq prinsiplərinə sadiq fəaliyyəti dünya siyasətçiləri tərəfindən yüksək qiymətləndirilməkdə davam edir. İsveçrə Konfederasiyası Federal Parlamenti Kantonlar Şurasının sabiq sədri Filippo Lombardi dövlət başçısına ünvanladığı təbrik məktubunda Azərbaycanın regionda sülhün bərqərar olması istiqamətində atdığı addımların əhəmiyyətini xüsusi vurğulayıb.
24media.az APA-ya istinadən xəbər verir ki, Filippo Lombardi Prezident İlham Əliyevi “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi münasibətilə təbrik edib. Sabiq sədr qeyd edib ki, bu nüfuzlu mükafat Azərbaycan liderinin qarşıdurma əvəzinə sülh yolunu seçmək qətiyyətinin və müdrik rəhbərliyinin bariz nümunəsidir. O, həmçinin 2013-cü ildə Bakıda keçirilən görüşlərini xatırladaraq, müzakirə edilən dialoq prinsiplərinin bu gün də ölkənin beynəlxalq fəaliyyətində əsas xətt olduğunu bildirib.
Məktubda Azərbaycan ilə Ermənistan arasında sülh sazişi istiqamətində əldə olunan tarixi irəliləyişlərə də toxunulub. Lombardi vurğulayıb ki, əsl güc məhz diplomatiya və barışıqda təcəssüm olunur və bu proses beynəlxalq ictimaiyyətə daha sabit gələcək üçün ümid verir. Sonda sabiq sədr Azərbaycan Respublikasına və onun xalqına davamlı rifah arzularını çatdırıb.
Arzu Qafarova
