BP Cəbrayıl rayonunda həyata keçirilən “Şəfəq” Günəş enerjisi layihəsində iştirak payının 10 faizini “MVM Energetika Zrt.” şirkətinə satıb. Bu addım birgə müəssisədə tərəfdaşlığın güclənməsinə xidmət edir.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, yeni pay bölgüsünə görə, BP 40,01 faiz, “SOCAR Green” 39,99 faiz, Azərbaycan Biznesinin İnkişafı Fondu 10 faiz, MVM isə 10 faiz paya malikdir. BP-nin regional prezidenti Cio Kristofoli bildirib ki, MVM layihəyə enerji sistemlərinin istismarı və ötürülməsi sahəsində təcrübəsini gətirir və əməkdaşlıq layihənin dayanıqlılığını artıracaq.
Layihədə tikinti işləri artıq başlayıb və panellərin ölkəyə gətirilməsi qrafikə uyğun davam edir. 2027-ci ildə başa çatması planlaşdırılan 240 MVt gücündə stansiya ildə təxminən 500 QVt/saat enerji istehsal edəcək. Layihə Səngəçal terminalının elektrikləşdirilməsi ilə “virtual enerji ötürmə mexanizmi” vasitəsilə sıx bağlıdır və yerli resurslardan maksimum istifadə nəzərdə tutulur.
Arzu Qafarova
