Böyük Britaniyada yapon rəssamı Katsuşika Hokusainin məşhur “Böyük dalğa” əsərindən ilhamlanan “The Great Wave” operası ictimaiyyətə təqdim olunub. Tamaşa Scottish Opera tərəfindən səhnələşdirilib və mədəniyyət ictimaiyyətinin böyük marağına səbəb olub.

Opera yapon bəstəkar Dai Fujikura tərəfindən bəstələnib, librettosu isə Harry Ross tərəfindən yazılıb. Səhnə əsərində Hokusainin yaradıcılıq yolu, onun sənət axtarışları və qızı ilə münasibətləri dramatik süjet xətti üzərində təqdim edilir. Quruluşda ənənəvi yapon musiqi elementləri müasir orkestr üslubu ilə birləşdirilib.
Tamaşanın səhnə tərtibatında vizual effektlərə xüsusi önəm verilib. Dekor və işıq həlləri məşhur “Böyük dalğa” motivini səhnədə dinamik formada canlandırır. Premyera mədəniyyət xadimləri və incəsənət tənqidçiləri tərəfindən müsbət qiymətləndirilib.
Opera fevral ayı ərzində Glazqo və Edinburq şəhərlərində nümayiş etdiriləcək. Layihə beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilib və Yaponiyanın mədəniyyət qurumları tərəfindən dəstəklənib.
Mənbə: The Guardian
Tərcümə etdi: Zəhra Məlikova
