Bu gün:

Ruben Vardanyanın məhkəmə baxışı başa çatıb, yekun qərar gözlənilir


Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi və digər ağır maddələri ilə ittiham olunan Ermənistan vətəndaşı Ruben Vardanyanın cinayət işi üzrə fevralın 10-da davam edən məhkəmə prosesində söz müdafiə tərəfinə verilib.24media.az xəbər verir ki, müdafiə tərəfinin, eləcə də təqsirləndirilən Ruben Vardanyanın son söz çıxışından sonra prosesə sədrlik edən hakim Zeynal Ağayev tərəflərə - ittiham və müdafiə tərəfinə - müraciət edərək, məhkəmə baxışının nəticələrinə əsasən yekun qərarın layihə variantını təqdim edib-etməyəcəklərini soruşub.

Hər iki tərəf yekun məhkəmə qərarının layihəsini təqdim etməyəcəklərini bildirib.

Bundan sonra sədrlik edən hakim məhkəmə baxışının başa çatdığını elan edib.

Məhkəmə müşavirədən qayıtdıqdan sonra yekun qərar elan olunacaq.

Qeyd edək ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.1 və 100.2-ci (təcavüzkar müharibənin planlaşdırılması, hazırlanması, başlanması və aparılması), 107-ci (əhalinin deportasiyası və məcburi köçürülməsi), 109-cu (təqib), 110-cu (insanların zorla yoxa çıxarılması), 112-ci (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113-cü (işgəncə), 114.1-ci (muzdluluq), 115.2-ci (müharibə qanun və adətlərinin pozulması), 116-cı maddənin müxtəlif bəndləri (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüququn pozulması), 120.2-ci maddənin müxtəlif bəndləri (qəsdən adam öldürmə), eləcə də həmin maddələr üzrə cəhd, 192.3.1-ci (qanunsuz sahibkarlıq), 214.2-ci maddənin müxtəlif bəndləri (terrorçuluq), 214-1-ci (terrorçuluğun maliyyələşdirilməsi), 218-ci (cinayətkar birlik yaratma), 228.3-cü (qanunsuz silah və partlayıcı maddələrlə bağlı əməllər), 270-1-ci (aviasiya təhlükəsizliyinə təhdid), 278.1-ci (hakimiyyəti zorla ələ keçirmə və ya saxlama), 279-cu (qanunsuz silahlı birləşmələrin yaradılması) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə təqsirləndirilir.


Paylaş
Şərh əlavə et