Bu gün:

Ankara ilə Afina arasında əməkdaşlığın inkişafı müzakirə ediləcək


Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis fevralın 11-də Türkiyəyə rəsmi səfər edəcək.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, qarşıdan gələn səfər zamanı Ankarada Prezident Rəcəb Tayyib Ərdoğan və Baş nazir Kiriakos Mitsotakisin sədrliyi ilə Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının altıncı iclası keçiriləcək.

Danışıqlardan sonra bir sıra sənədlərin imzalanması planlaşdırılır. Tərəflər qarşılıqlı ticarət dövriyyəsini hazırkı 6,6 milyard dollardan ildə 10 milyard dollara çatdırmağa hazır olduqlarını bəyan edirlər.

Türkiyə mediasının məlumatına görə, yüksəksəviyyəli danışıqlar zamanı geosiyasi proseslərə, xüsusən də NATO missiyalarına töhfələrə və Avropa təhlükəsizliyinin gücləndirilməsinə xüsusi diqqət yetiriləcək.

Ankara ilə Afina arasında münasibətlər son illərdə əhəmiyyətli dərəcədə yaxşılaşıb və bu, Egey və Aralıq dənizi bölgələrində etimadın gücləndirilməsinə hazırlıq bəyanatlarında öz əksini tapıb. Xüsusilə, Afina Türkiyə vətəndaşlarına Egey dənizindəki Yunan adalarını ziyarət etmək üçün qısamüddətli vizalar vermək qərarına gəlib.

Amina Paşazadə

Paylaş
Şərh əlavə et