Avropa İttifaqı Rusiyaya qarşı hazırlanan 20-ci sanksiyalar paketi çərçivəsində yeni məhdudiyyətləri genişləndirməyi planlaşdırır. Layihəyə əsasən, Moskvanın neft daşımalarında iştirak etdiyi 42 tanker qara siyahıya salına bilər.

Sənədə görə, Aİ ilk dəfə olaraq üçüncü ölkələrdə yerləşən limanlara da sanksiya tətbiq etməyi nəzərdə tutur. Söhbət Gürcüstandakı Kulevi terminalı və İndoneziyanın Karimun limanından gedir; bu halda Avropa şirkət və şəxslərinə həmin obyektlərlə əməliyyat aparmaq qadağan oluna bilər.
Məlumatlarda bildirilir ki, paket çərçivəsində Tacikistan, Laos və Qırğızıstandan olan bəzi bankların da məhdudiyyət siyahısına salınması müzakirə edilir, eyni zamanda iki Çin bankına qarşı tətbiq edilmiş sanksiyaların ləğvi variantı nəzərdən keçirilir.
Avropa Komissiyası daha əvvəl bəyan edib ki, yeni paket Rusiyanın neft ixracından əldə etdiyi gəlirləri azaltmaq məqsədilə dəniz yolu ilə xam neft daşımalarına bağlı xidmətlərə tam qadağa tətbiqini də əhatə edə bilər.
Talehə Hüseynzadə
