Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik yubileyi və Bakı–Florensiya əməkdaşlığı İtaliya mətbuatında geniş işıqlandırılıb. Nüfuzlu Toskana jurnalında yayımlanan məqalədə universitetin beynəlxalq elmi, mədəni və humanist fəaliyyətləri, həmçinin mədəniyyətlərarası dialoq və sülh təşəbbüslərində rolu ön plana çıxarılıb.

24media.az Trend-ə istinadən xəbər verir ki, Luca Chiarello tərəfindən yazılan “Firenze e Baku unite nella costruzione dell’Industria della Pace” adlı məqalədə Bakı və Florensiya arasında uzunmüddətli akademik və mədəni əməkdaşlıq, qarşılıqlı etimad və konkret layihələr vasitəsilə formalaşan tərəfdaşlıq təsvir olunub. Məqalədə AzMİU-nun Fondazione Romualdo Del Bianco – Life Beyond Tourism təşəbbüsləri çərçivəsində sülh sənayesinin inkişafı ideyasının beynəlxalq platformalarda təqdim edilməsindəki rolu xüsusi vurğulanıb.
Müəllif universitetin 50 illik yubileyində keçirilən tədbirlərin beynəlxalq əhəmiyyətini qeyd edir, AzMİU-nun yalnız akademik tərəfdaş deyil, eyni zamanda dəyərlərə əsaslanan dialoqu praktik şəkildə həyata keçirən institusional mərkəz olduğunu vurğulayır. Məqalədə İçərişəhərin UNESCO Dünya İrs Siyahısına daxil edilməsinin 25 illiyi, eləcə də Florensiya, Şəki, Gəncə və Şuşanı əhatə edən mədəni təşəbbüslər, sərgilər və “Danışan məkanlar” platforması çərçivəsində Azərbaycanın iştirakı da işıqlandırılıb.
Arzu Qafarova
