Bu gün:

Süni intellektlə sosiallaşma depressiya riskini artıra bilər


Yeni bir elmi araşdırma sosiallaşmaq və emosional dəstək almaq məqsədilə süni intellektdən istifadənin depressiya və narahatlıq əlamətləri ilə əlaqəli ola biləcəyini göstərib. JAMA Network Open jurnalında dərc olunan bu tədqiqatda süni intellektin xüsusilə şəxsi məqsədlərlə istifadəsi diqqət mərkəzindədir. Alimlər bu texnologiyanın psixoloji təsirlərinin daha dərindən araşdırılmasının vacibliyini vurğulayıblar.


Mass General Brigham tərəfindən aparılan və ABŞ-də 20 mindən çox iştirakçını əhatə edən sorğuda süni intellektdən gündəlik istifadə edən şəxslərin əksəriyyəti onu məsləhət və emosional dəstək üçün istifadə etdiyini bildirib. Şəxsi məqsədlərlə süni intellektdən tez-tez istifadə edənlərdə orta və ya daha ağır depressiya, narahatlıq və əsəbilik əlamətləri daha çox müşahidə olunub. Bununla yanaşı, iş və ya təhsil məqsədli istifadə ilə psixoloji problemlər arasında əhəmiyyətli əlaqə aşkar edilməyib. Mütəxəssislər süni intellektin peşəkar psixoloji yardımın alternativi olmadığını və bu cür istifadənin risklər daşıya biləcəyini bildiriblər. Araşdırma süni intellektlə psixi sağlamlıq arasında əlaqə olduğunu göstərsə də, səbəb-nəticə münasibətini tam sübut etmir. Buna görə də istifadəçilərə bu texnologiya ilə ünsiyyətdən sonra öz emosional vəziyyətlərini diqqətlə izləmələri tövsiyə olunub.

Mənbə: TRT Haber

Tərcümə etdi: Fidan Mənsimova



Paylaş
Şərh əlavə et