İtlər insanların söhbətlərini sadəcə gizlicə dinləməklə əşyaların adlarını yadda saxlaya bilirlər. Bu barədə “Current Biology” elmi jurnalında dərc olunan araşdırmada deyilir. Tədqiqatın rəhbəri "Vetmeduni Vienna"dan (Vyana Baytarlıq Universiteti) doktor Şene Drapper olub.

Tədqiqat zamanı alimlər “istedadlı” hesab olunan itlərə diqqət yetiriblər - yəni sözləri konkret əşyalarla əlaqələndirə bilən az sayda itə. Bu qabiliyyət daha çox border-kolli cinsində rast gəlinir, lakin təcrübə göstərib ki, bacarıq yalnız bir cinslə məhdudlaşmır.
Hipotezi yoxlamaq üçün tədqiqatçılar adı ilə əşyaları ayırd edə bildiyi təsdiqlənmiş 10 itin sahibini araşdırmaya cəlb ediblər. Təcrübə ev şəraitində aparılıb: sahiblər bir neçə gün ərzində oyuncaqlar haqqında başqa bir insanla danışıb, onların adlarını ucadan səsləndiriblər, amma itə birbaşa müraciət etməyiblər və onu məqsədli şəkildə öyrətməyiblər.
Bir neçə gündən sonra itlərdən adı deyilən oyuncağı başqa otaqdan gətirmələri istənilib. Nəticələr göstərib ki, itlər tapşırığı uğurla yerinə yetiriblər. Alimlərin fikrincə, sadəcə insanların söhbətlərini “dinləyən” itlər, xüsusi şəkildə öyrədilən itlərlə eyni nəticə göstəriblər.
Bu, bəzi itlərin birbaşa təlim olmadan, yəni passiv şəkildə, yeni sözləri öyrənə bildiyini göstərir. Doktor Şene Drapperin sözlərinə görə, bu nəticələr itlərin idrak qabiliyyətləri barədə təsəvvürləri genişləndirir və insan nitqinin onlar üçün düşündüyümüzdən daha böyük əhəmiyyət daşıdığını təsdiqləyir. Alimlər vurğulayırlar ki, bu cür bacarıq nadir hallarda rast gəlinir və bütün itlər üçün xarakterik deyil.
Tədqiqatçılar gələcəkdə itlərin sözləri birbaşa öyrədilmədən yadda saxlamasına hansı amillərin təsir etdiyini və bu xüsusiyyətdən təlimdə necə istifadə oluna biləcəyini araşdırmağı planlaşdırırlar.
Mənbə: vkirove.ru
Tərcümə etdi: Aysel Mehtizadə
