Son elmi araşdırmalar gec saatlarda aktiv olan insanların sağlamlığı ilə bağlı riskləri gündəmə gətirib. Aparılan tədqiqatlar bu şəxslərin ürək-damar sistemi baxımından daha həssas olduğunu göstərib. Xüsusilə bioloji saatlə gündəlik həyat tərzi arasındakı uyğunsuzluq əsas problem kimi qeyd olunub.

Brigham və Qadın Xəstəxanası ilə Harvard Tibb Məktəbinin apardığı araşdırmaya görə, sirkadiyan ritmin pozulması ürək döyüntüsü, qan təzyiqi və maddələr mübadiləsinə mənfi təsir edir. Böyük Britaniya Biobankının məlumatları əsasında 14 il izlənilən 300 mindən çox insan arasında gec yatanların ilk dəfə infarkt və ya insult keçirmə riskinin 16 faiz daha yüksək olduğu müəyyən edilib. Bu risk xüsusilə qadınlarda daha qabarıqdır və siqaret, yuxu çatışmazlığı, qeyri-sağlam qidalanma kimi amillərlə güclənir.
Mütəxəssislər bu vəziyyətin dəyişməz tale olmadığını vurğulayıblar. Daxili bioloji saatla iş və həyat rejimi arasında daha yaxşı uyğunluq yaratmaq sağlam vərdişləri qorumağa kömək edə bilər. Buna görə də yuxu rejiminin tənzimlənməsi və sağlam həyat tərzi ürək sağlamlığının qorunmasında mühüm rol oynayır.
Mənbə: TRT Haber
Tərcümə etdi: Fidan Mənsimova
