Astarada Pensərçayın Vaqo kəndindən keçən hissəsində baş verən torpaq sürüşməsi nəticəsində çay üzərindəki beton bəndlər zədələnib. Hadisə zamanı avtomobil yolunun bir hissəsi çökərək istifadəyə yararsız hala düşüb. Yağıntıların intensivliyi sürüşmənin miqyasını daha da artırıb və ərazidə riskli vəziyyət yaranıb.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisədən sonra dərhal müvafiq qurumlar əraziyə cəlb olunub. Problemin böyüməsinin qarşısını almaq üçün ağır texnikalar vasitəsilə Pensərçayın məcrasının qismən dəyişdirilməsi istiqamətində işlərə başlanılıb. Məqsəd həm yolun qorunması, həm də yaxın ərazilərdə əlavə təhlükənin qarşısını almaqdır.
Astara Su Meliorasiya Sistemləri İdarəsinin rəsmiləri bildiriblər ki, hazırda vəziyyət nəzarət altındadır və bərpa tədbirləri mərhələli şəkildə davam etdirilir. Təhlükəsizlik məqsədilə dağılan yol hissəsi lentlənib, nəqliyyatın hərəkəti məhdudlaşdırılıb və əraziyə giriş-çıxışa ciddi nəzarət olunur. Qeyd edək ki, işlərin qısa müddətdə tamamlanması planlaşdırılır.
Arzu Qafarova
