Bu gün:

Stress, yuxusuzluq və miqren: Müasir dövrün problemi–müsahibə


24media.az-ın budəfəki müsahibi Nevroloq Röyanə Quluzadədir. Müsahibimiz son dövrlər gənclər arasında artan baş ağrıları, miqren, texnologiya asılılığının təsirləri və sağlam həyat tərzi haqqında danışıb.

- Son illərin elmi araşdırmalarına əsasən gənclər arasında baş ağrısı və miqren halları artıb. Bəs bu artımın əsas səbəbləri nədir? Son dövrlər miqren və başağrıları gənclər arasında getdikcə artır. Bunun əsas səbəblərindən biri son dövrlərdə stress faktorunun artmasıdır. Belə ki, müasir dövrdə insanlar daim tələsir, harasa, nəyəsə yetişməyə çalışır. Bu da insanda gərginlik və təşviş yaradır. Miqren və başağrılarını ən çox tətikləyən faktor da məhz təşviş və gərginlikdir. Bundan əlavə, gənclərin qidalanmasında bəzi çatışmazlıqlar – “fast-food” qidalarına meyillik, energetik içkilərin istifadəsi, çox kofe və şirniyyat qəbulu da bu cür tətikləyici faktorlardandır.

- Telefon, planşet və kompüter istifadəsi sinir sisteminə və baş ağrılarına necə təsir edir?

Telefon və planşet asılılığı həm böyüklər, həm də uşaqlar üçün son dövrün əsas problemlərindən biridir. Belə ki, uzun müddət telefon və planşetlərin mavi işığına məruz qalan insan beyni qıcıqlanmağa başlayır və zaman keçdikcə insan getdikcə daha əsəbi olur. Bir müddət sonra isə beyin yorulmağa başlayır, informasiya ilə yüklənir və nəticədə yaddaş zəifləyir, insan özünü yorğun hiss edir, diqqət və konsentrasiya pisləşir.

- Yuxusuzluq və stress nevroloji problemlərə hansı şəkildə yol açır?

Beynin özünü bərpa etdiyi əsas dövr yuxudur. Orta yaşlı sağlam insan üçün normal yuxu müddəti 7-8 saatdır. Yuxu çatışmazlığı zamanı beynin yenilənmə prosesi pozulur.

Yuxu zamanı “mikroqliya hüceyrələri” artıq və lazımsız informasiyanı beyindən təmizləyir. Bu proses baş vermədikdə halüsinasiyalar, yaddaş pozuntuları və ciddi psixi problemlər yarana bilər. Uzunmüddətli yuxusuzluq hətta həyati təhlükə yarada bilər.

- Hansı başağrıları təhlükəli sayılır?

Başağrılarının beynəlxalq təsnifatda 100-ə yaxın növü var və bu növlər başağrının xarakterinə, müddətinə və yerinə görə fərqlənir. Başağrılarını ümumilikdə iki qrupa bölürük: birincili və ikincili başağrıları.

Həyati baxımdan təhlükə törədən başağrıları ikincili başağrılarıdır. Bu başağrıları beyin şişləri, beyinə qansızmalar, kistalar, beyindaxili təzyiqin artması və s. kimi səbəblərdən yaranır.

- Gənclər sinir sistemini qorumaq üçün gündəlik həyatda nələrə diqqət etməlidir?

Gənclər və uşaqlar xəstəliklərə məruz qalma baxımından daha həssas qrup hesab olunurlar. Xarici mühit faktorları, həyat tərzi və pis vərdişlər onların sağlamlığına ciddi təsir edə bilər. Buna görə gənclərə tövsiyə olunur ki, qidalanmalarına fikir versinlər, hazır qidalardan uzaq olsunlar, telefon məruz qalmasını minimuma endirsinlər, enerji içkiləri, siqaret və qəlyandan uzaq dursunlar, daha çox idmana və musiqiyə yönəlsinlər.

Xavər Məmmədli

Paylaş
Şərh əlavə et