Bu gün:

İnsanlar üçün potensial təhlükə yarada bilən heyvanlarda iki yeni virus aşkar edilib


Texas universitetlərindən və ABŞ-nin digər elmi müəssisələrindən olan tədqiqatçılar xəbərdarlıq edirlər ki, D qrip virusu və it koronavirusu getdikcə daha tez-tez heyvanlardan insana ötürülür. Araşdırmanın nəticələri "Emerging Infectious Diseases" jurnalında dərc olunub.

Ekspertlərin sözlərinə görə, bu viruslara nəzarət geri qalır və bu, təhlükəli “kor nöqtə” yaradır. Hər iki virus insanların arasında daha geniş yayılmağa uyğunlaşa bilər.

2011-ci ildən bəri D qrip virusu donuz, inək, ev quşları və maral daxil olmaqla bir çox heyvan növünə yoluxub. O, iri buynuzlu mal-qarada tənəffüs xəstəliklərinə səbəb olur və ABŞ heyvandarlığına ildə təxminən 1 milyard dollar zərər vurur.

Alimlər bildirir ki, Kolorado və Floridada heyvandarlıq işçilərinin 97%-ə qədəri bu virusa qarşı anticisimlərə malikdir, yəni virusla təmasda olublar. Bəzi hallarda virus daha ağır xəstəlik yarada bilər. Çində aşkar edilən bir ştammın artıq insandan insana keçə bildiyi də qeyd olunur.

Tədqiqatçıların diqqətində olan ikinci virus isə CCoV - it koronavirusudur. Ekspertlər bildiriblər ki, COVID-19-a səbəb olan SARS-CoV-2-dən fərqli olaraq, it koronavirusu adətən itlərdə mədə-bağırsaq problemləri yaradır. Amma indi insanın tənəffüs sistemini zədələyə bilən yeni ştammlar ortaya çıxır. Yoluxma halları Malayziya, Tailand, Vyetnam və hətta Arkanzasda qeydə alınıb. Cənub-Şərqi Asiyada bəzi hallarda virus pnevmoniya ilə xəstəxanaya düşən pasiyentlərlə əlaqələndirilib.

Xəstəxanalarda it koronavirusuna rutin testlər aparılmadığı üçün insanlarda real yoluxma sayı məlum deyil. Alimlər xəbərdarlıq edirlər ki, bu viruslar insandan insana asan keçməyə başlasa, əksər insanlarda immunitet olmadığı üçün epidemiya və ya pandemiya yarada bilər.

Mənbə: gazeta.press
Tərcümə etdi: Aysel Mehtizadə


Paylaş
Şərh əlavə et