Bu gün:

Kopenhagen Moda Həftəsi 20 illiyini qeyd edib


Kopenhagen Moda Həftəsi bu il 20 illik yubileyini qeyd edərək qlobal moda sənayesində davamlılıq və qeyri-adilik mövzularına verdiyi önəmi bir daha nümayiş etdirib. Skandinaviya modasının əsas platformalarından biri hesab olunan bu tədbir yubiley mövsümündə də öz dəyərlərinə sadiq qalaraq “slow fashion” fəlsəfəsini mərkəzə çıxarıb.

Moda həftəsi çərçivəsində təqdim olunan kolleksiyalarda kütləvi istehsaldan imtina, daha az sayda, lakin keyfiyyətli və uzunömürlü məhsulların yaradılması diqqət çəkib. Dizaynerlər mövsümi trendlərdən daha çox zamansız üsluba, funksionallığa və ekoloji məsuliyyətə üstünlük verdiklərini vurğulayıblar. Bir çox brend təkrar emal olunan materiallardan, ekoloji təmiz parçalardan və innovativ davamlı tekstil texnologiyalarından istifadə edib.

İnklüzivlik isə bu ilki Kopenhagen Moda Həftəsinin əsas mövzularından biri olub. Podyumlarda müxtəlif yaş qruplarını, bədən ölçülərini, etnik mənsubiyyətləri və gender kimliklərini təmsil edən modellər yer alıb. Bu yanaşma modanın hər kəs üçün əlçatan və təmsiledici olmalı olduğu mesajını gücləndirib.


Tədbirin təşkilatçıları bildiriblər ki, Kopenhagen Moda Həftəsi artıq təkcə kolleksiyaların təqdim olunduğu platforma deyil, həm də sənaye üçün etik standartların formalaşdırıldığı nümunəvi modeldir. Davamlılıq meyarlarına cavab verməyən brendlərin proqramda iştirakına icazə verilməməsi bu mövqenin praktik sübutu kimi qiymətləndirilir.


20 illik yubiley mövsümü bir daha göstərib ki, Kopenhagen Moda Həftəsi qlobal moda gündəmini yalnız estetik baxımdan deyil, eyni zamanda sosial və ekoloji məsuliyyət prizmasından da formalaşdırmağa davam edir.



Mənbə: marieclaire.com

Tərcümə etdi: Şehrin Musayeva

Paylaş
Şərh əlavə et