Bu gün:

Yuxu yozumları necə formalaşıb və nə üçün insanlara maraqlıdır?


Qədim Misirdən Cənubi Asiyanın Buddist ənənələrinə, Yaxın Şərq və Avropa cəmiyyətlərindən günümüzə qədər yuxular dinin, mədəniyyətin və tarixin kəsişdiyi bir mövzu kimi önə çıxıb. Bir çox sivilizasiyada yuxular ilahi mesaj, xəbərdarlıq və ya simvolik göstəri kimi qəbul edilib.

Mütəxəssislərə görə, insanların yuxuları “ilahi və ya metafizik mesaj” kimi şərh etmə meyli demək olar ki, bütün dövrlərdə və coğrafiyalarda müşahidə olunub. Müasir elm isə yuxuların mənşəyini beyində gedən nevroloji proseslərlə izah edir.

Qədim Misirin yuxu ənənələri

Qədim Misirdə yuxu qeydləri 4 min ildən çox tarixi əhatə edir. “Ölülərə Məktublar” kimi mətnlərdə yuxular insan iradəsindən kənar, obyektiv və alternativ bir aləm kimi təqdim olunur. İnsanlar vəfat etmiş yaxınlarına yazdıqları məktubları məzarlarına qoyur, onlardan yardım və müdafiə diləyirlər.

Misirşünas Kasia Szpakowska bildirir ki, bu mətnlərdə yuxular iki dünya arasında keçid rolunu oynayır. Yeni Krallıq dövrünün (E.ə. 1500-lər) qeydlərində isə fironların yuxuları daha çox tanrılarla əlaqə vasitəsi kimi göstərilir və hakimiyyətin legitimliyini möhkəmləndirən hekayələrə çevrilir.

Asiya yuxu ənənələri

Hindistan və Tibetdə Buddist ənənələrdə yuxular dini bioqrafiyalarda geniş yer alıb. “City University of New York”dan tədqiqatçı Seriniti Yanq qeyd edir ki, bu mətnlərdə əsasən kehanət xarakterli, dini dəyərləri və mesajları gücləndirən yuxulara üstünlük verilir. Onun sözlərinə görə, günümüzə çatan yuxu hekayələrinin çoxu seçilmiş mətnlərdir və cəmiyyətin dəyərlərini əks etdirdikləri üçün qorunub saxlanılıb.

Tarix boyunca yuxuların sosial funksiyası

Yuxular əsrlər boyu təbiət hadisələri, fəlakətlər, siyasi dönüş nöqtələri və şəxsi talelərlə bağlı qeyri-müəyyənlikləri izah etmək üçün istifadə olunub. 19-cu əsrdə müxtəlif ölkələrdə yayımlanan yuxu kitabları isə geniş ictimai kütlənin müraciət etdiyi başlıca mənbələrdən biri olub. Bu kitablar bəzən qədim ənənələrdən götürüldüyü iddia edilən məlumatları sistemləşdirərək təqdim edilib.

Tarixçilər bildirir ki, günümüzə gəlib çatan yuxu qeydlərinin əksəriyyəti dövlət adamlarının, dini liderlərin və ya təsirli sosial qrupların bioqrafiyalarında yer alan nümunələrdir.

Mənbə: BBC Türk

Tərcümə etdi: Emiliya Vəlicanova

Paylaş
Şərh əlavə et