Bu gün:

Uşaq meydançalarında istifadə olunan rezin materiallar sağlamlıq riski yaradır


Tədqiqatçılar bildiriblər ki, köhnə avtomobil təkərlərindən hazırlanan və rezin qırıntısı adlanan material zamanla zəhərli kimyəvi maddələr buraxa bilir. Bu maddələr torpaq və suda uzun illər qalaraq həm ekosistemlərə, həm də insan sağlamlığına risk yaradır.

Rezin qırıntısı tullantı təkərlərin azalmasına kömək etdiyi üçün ekoloji baxımdan faydalı hesab olunub və yumşaq səth yaratdığına görə uşaq meydançaları, süni ot örtükləri və qaçış zolaqlarında geniş yayılıb. Lakin araşdırma zamanı bu materialın tərkibində Polisiklik Aromatik Karbohidrogenlər (PAH) adlı zəhərli maddələrin yüksək miqdarda olduğu aşkarlanıb.

Alimlər qeyd ediblər ki, bu maddələr nəfəs alma, udma və ya dəri ilə təmas zamanı orqanizmə keçə bilər. Onlar dölün inkişafına zərər verə, qaraciyər və reproduktiv problemlərə səbəb ola və bəzi hallarda xərçənglə əlaqəli ola bilər.

Araşdırma göstərib ki, xüsusilə ən xırda rezin hissəcikləri daha təhlükəlidir. Bu hissəciklər suya və torpağa daha çox zəhərli maddə buraxıb və canlı orqanizmlərə daha güclü təsir göstərir. Təcrübələr zamanı torpaq canlıları, bitkilər və dəniz bakteriyalarında mənfi təsirlər müşahidə olunub.

Alimlər həmçinin rezindən ayrılan suda sink və mis kim zəhərli metalların da tapıldığını bildiriblər. Bəzi hallarda bu metalların səviyyəsi içməli su üçün qəbul edilən normaları keçib.

Tədqiqatçılar vurğulayıblar ki, rezin material günəş, istilik və rütubət təsiri ilə daha da parçalanaraq əlavə zərərli maddələr buraxa bilər. Buna görə də, xüsusilə uşaq meydançaları kimi ictimai yerlərdə xırda rezin qranullarının istifadəsi daha ciddi nəzarət tələb edir.

Araşdırmanı aparan alimlər təkərlərin təkrar emalının vacib olduğunu desələr də, hər təkrar emal olunan materialın avtomatik olaraq təhlükəsiz sayılmamalı olduğunu bildiriblər və daha təhlükəsiz alternativlərin hazırlanmasını təklif ediblər.

Mənbə: New York Post

Tərcümə etdi: Aydan Xudayarova

Paylaş
Şərh əlavə et