Qışda vəhşi heyvanlara yem vermək onlara ziyan vurur və heyvana acımaq hissi yaransa belə, bundan çəkinmək lazımdır. Bu fikri “Gazeta.Ru”ya ROSBİOTEH Universitetinin baytarlıq təbabəti kafedrasının professoru, baytarlıq elmləri doktoru Andrey Rudenko bildirib.

Vəhşi heyvanları xüsusilə qış aylarında mərhəmət hissi ilə yemləmək zərərsiz və humanist görünsə də, ekologiya və zoologiya baxımından onlara real ziyan vurur. Təbiətdə hər növün soyuq dövrdə qida tapmaq da daxil olmaqla, formalaşmış yaşama strategiyaları mövcuddur. Qışda yem çatışmazlığı populyasiyanın sağlamlığını qoruyan və sayın həddindən artıq artmasının qarşısını alan təbii seçmə mexanizmidir.
Daimi yemləmə bu mexanizmləri pozur: heyvanlar insanı qida mənbəyi kimi qəbul etməyə başlayır, qorxu və təbii qida tapma bacarıqlarını itirirlər. Bu isə onların nəqliyyat vasitələri, itlər və brakonyerlər səbəbindən məhv olma riskini artırır, insanlarla toqquşmalara yol açır. Tülkülər, sincablar və digər vəhşi heyvanlar daha tez-tez yolların, yaşayış məntəqələrinin və parkların yaxınlığına çıxır ki, bu da onlar üçün meşəyə nisbətən daha təhlükəlidir.
Ayrı bir problem də uyğun olmayan qidadır. İnsan üçün “normal” sayılan çörək, şirniyyat və emal olunmuş məhsullar heyvanlarda maddələr mübadiləsinin pozulmasına, mədə-bağırsaq xəstəliklərinə və immunitetin zəifləməsinə səbəb olur. Bundan əlavə, heyvanların yemləmə yerlərində toplaşması infeksiyaların və parazitlərin yayılmasını asanlaşdırır.
Mütəxəssislərin fikrincə, vəhşi heyvanlara ən yaxşı kömək onların həyatına müdaxilə etməmək, məsafə saxlamaq və təbii yaşayış mühitini qorumaqdır.
Mənbə: gazeta.press
Tərcümə etdi: Aysel Mehtizadə
