Hindistanda ölümcül Nipah virusu epidemiyasının ortaya çıxması Asiyanın bir sıra ölkələrində ciddi narahatlıq yaradıb. İnsanlar arasında ölüm göstəricisinin 40–75 faiz arasında dəyişməsi səbəbindən bir çox ölkələr yüksək hazırlıq vəziyyətinə keçib.

Bu ay Qərbi Benqal ştatında ən azı iki nəfərin virus səbəbilə həyatını itirməsindən sonra Tailand, Malayziya və Sinqapur kimi ölkələr yeni yoxlama və test tədbirləri tətbiq etməyə başlayıb.
Nipah virusu heyvanlardan insanlara keçə bilən zoonotik viruslar qrupuna aiddir. Virus ilk dəfə 1998-ci ildə Malayziyada qeydə alınıb və onun əsasən üç yoluxma yolu mövcuddur.
Birinci yoluxma yolu viruslu yarasaların tüpürcəyi, sidiyi və ya nəcisi ilə birbaşa təmasdır. İkinci yol yarasaların bədən mayeləri ilə çirklənmiş xurma şirəsi kimi qidaların qəbuludur. Üçüncü və daha nadir yoluxma forması isə xəstə şəxslə yaxın təmas, məsələn ona qulluq zamanı insandan insana keçməsidir.
Xəstəliyin əlamətləri və təsirləri
Nipah virusu infeksiyası sürətlə inkişaf edir və simptomlar adətən 4 günlə 3 həftə arasında üzə çıxır. Ağır yoluxma hallarında xəstələrin təxminən yarısı həyatını itirir.
Virus ağciyər iltihabına (zatürrə) səbəb ola bildiyi kimi, ən təhlükəli təsiri olan beyin iltihabına (ensefalit) da yol açır.
Əsas simptomlara yüksək hərarət, qıcolmalar, nəfəs darlığı, huşun itirilməsi, şiddətli baş ağrısı və şəxsiyyət dəyişiklikləri daxildir. Nadir hallarda xəstəlikdən sağ qalan şəxslərdə illər sonra beyin iltihabı yenidən ortaya çıxa bilər.
Müalicə və peyvənd tədqiqatları
Hazırda Nipah virusuna qarşı təsdiqlənmiş peyvənd və ya spesifik müalicə üsulu yoxdur. Avstraliyada hazırlanan m102.4 adlı müalicə üsulu üzərində tədqiqatlar davam edir.
2020-ci ildə yayımlanan birinci mərhələ klinik sınaqlar tək doza müalicənin yaxşı tolere edildiyini göstərsə də, bu üsulun geniş istifadəyə verilməsi üçün əlavə araşdırmalara ehtiyac var.
Qlobal risk səviyyəsi
Hindistandakı vəziyyət profilaktik peyvənd və müalicə vasitələrinin olmaması səbəbilə narahatlıq doğursa da, mütəxəssislər Nipah virusunun Covid-19 miqyasında qlobal təhlükəyə çevrilmə ehtimalının aşağı olduğunu bildirirlər.
Virusun insandan insana keçmə qabiliyyətinin məhdud olması yoluxma qeydə alınmayan bölgələrdə riskin aşağı səviyyədə qalmasına səbəb olur.
Səhiyyə qurumları riskli bölgələrə səyahət etdikdən sonra qızdırma əlamətləri müşahidə olunan şəxslərə tibbi tarixçələrini mütləq həkimlərlə paylaşmağı tövsiyə edir.
Mənbə: TRT Haber
Tərcümə etdi: Nuray Ədilzadə
