Bu gün:

İnsanlar niyə ağlayır?


Tədqiqatçılar bildirirlər ki, emosional səbəblərə görə göz yaşı axıdan yeganə canlı növün insan olması həm bioloji, həm də neyroloji baxımdan hələ də tam izah edilməmiş bir fenomendir.

Bəs bilirdinizmi ki, emosional təsirlər nəticəsində göz yaşı tökən canlılar içində insan yeganə növdür? Bir çox heyvan balalıq dövründə narahatlıq və ya təhlükə siqnalı kimi yüksək səslə “ağlama davranışı” sərgiləsə də, mürəkkəb emosional stimullara cavab olaraq göz yaşı ifrazını işə salan neyron əlaqələrinə malik görünmür.

Alimlər göz yaşının ümumi funksiyalarını izah etsələr də, insanların niyə ağladığı və emosional göz yaşının psixoloji, sosial və bioloji baxımdan hansı rolu oynadığı hələ də tam şəkildə müəyyənləşdirilməyib.

Göz yaşı nədir?

İsveçrədə fəaliyyət göstərən İnsan Biologiyası İnstitutunun tədqiqatçısı Dr. Marie Bannier-Helaouet bildirir ki, göz yaşı selik, elektrolitlər, su, zülallar və lipidlər olmaqla beş əsas komponentdən ibarətdir. BBC Dünya Xidmətinin “CrowdScience” proqramına açıqlamasında o qeyd edir ki, bu maddələrin hər biri fərqli fiziki və bioloji xüsusiyyətlərə malikdir.

Məsələn, zülallar antiviral və antibakterial təsir göstərir, elektrolitlər isə orqanizmin normal fizioloji fəaliyyətinin qorunması üçün zəruri olan minerallardır.

Araşdırmalara əsasən, göz yaşının üç əsas növü mövcuddur.

Dr. Bannier-Helaouetin izahına görə, bazal göz yaşı göz səthində daimi şəkildə mövcud olur və onun nəmlənməsini, eyni zamanda sürüşkən qalmasını təmin edir. Reflektor göz yaşı isə toz, böcək və digər qıcıqlandırıcı xarici maddələrə qarşı qoruyucu reaksiya olaraq ifraz edilir. Bu reaksiyanı gözün şəffaf xarici qatı olan buynuz qişadakı sinir hüceyrələri aşkar edir və beləliklə, gözün mikroblara və çirklərə qarşı qoruyucu baryeri aktivləşir.

Buynuz qişa insan bədənində sinir hüceyrələrinin ən sıx yerləşdiyi sahə hesab olunur. Dr. Bannier-Helaouetin sözlərinə görə, bu hüceyrələr temperatur dəyişmələrini, mexaniki təzyiqi və quruluğu müəyyən etmə qabiliyyətinə malikdir.

Sinir hüceyrələrindən gələn siqnallar göz yaşı istehsalını tənzimləyən beyin strukturu — “lakrimal nüvə” adlanan bölgəyə ötürülür və buradan gözyaşı vəzilərinə ifrazı artırmaq barədə göstəriş verilir.


Mənbə: BBC News

Tərcümə etdi: Emiliya Vəlicanova

Paylaş
Şərh əlavə et