Bu gün:

Balidə turistlərin fillərlə gəzdirilməsi qadağan edilib


Balidə fillərlə turistlərin gəzdiyi attraksionlar bağlanmağa başlayıb. Buna səbəb İndoneziyanın Meşə Təsərrüfatı Nazirliyinin turizm obyektləri və təbiət parklarına bu praktikanı dayandırmaqla bağlı tələbi olub. Tələblərə əməl edilmədiyi halda müvafiq icazələrin ləğv edilə biləcəyi bildirilib.

Təşəbbüs Balinin Təbiəti Mühafizə Agentliyi — BKSDA Bali tərəfindən həyata keçirilib. Qurum fillərin saxlanıldığı obyektlərə xəbərdarlıq məktubları göndərib və nəzarəti gücləndirib. Agentlik vurğulayıb ki, bütün təşkilatlar fillərlə gəzinti praktikasını dayandırmalı və vəhşi təbiətlə bağlı daha maarifləndirici, innovativ və etik turizm formalarına keçid etməlidir.

Fillərlə gəzinti beş böyük turizm obyektində dayandırılıb. Bunlara Bali Zooparkı, Tasta Tabanan Vəhşi Təbiət Parkı və Cianyar bölgəsində yerləşən “Meysonun Fil Parkı” daxildir. Bali Zooparkının nümayəndələri bildiriblər ki, bu qərar fillərin rifahını yaxşılaşdırmaq məqsədi daşıyır.

Heyvan hüquqlarını müdafiə edən təşkilatların fikrincə, fillərlə gəzinti onların sağlamlığına zərər verir. Bu cür fəaliyyətlər üçün fillər adətən erkən yaşlardan sərt üsullarla öyrədilir, ağır yüklər onurğa sütununa mənfi təsir göstərir və uzunmüddətli stress yaradır.

İndoneziya bu cür məhdudiyyətlər tətbiq edən ilk Asiya ölkəsi deyil. Kambocada Anqkor-Vat ərazisində fillərlə gəzinti 2019-cu ildə qadağan edilib, Hindistanda isə fillərin kommersiya məqsədilə istifadəsi tamamilə qadağan edilib. Taylandda bu fəaliyyət hələ də qanuni sayılır, lakin hakimiyyət orqanları heyvanların mühafizəsi qaydalarına ciddi riayət olunduğunu bildirir.

Mənbə: tourdom.ru
Tərcümə etdi: Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et