Azərbaycan 61-ci Venesiya Biennalesində Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və ölkəmizin İtaliyadakı səfirliyinin dəstəyi ilə təmsil olunacaq. Beynəlxalq incəsənət tədbirində Əməkdar rəssam Faiq Əhməd “Diqqət” (The Attention) adlı layihəsi ilə çıxış edəcək və milli pavilyondakı ekspozisiya mayın 9-dan noyabrın 22-dək ziyarətçilər üçün açıq olacaq.

24media.az AZƏRTAC-a istinadla xəbər verir ki, pavilyonun əsas bədii elementi Faiq Əhmədin yaradıcılığında mühüm yer tutan xalça olacaq. Mədəni yaddaş və kollektiv kimlik rəmzi kimi təqdim edilən xalça sərgi məkanında ziyarətçiləri istiqamətləndirən konseptual xətt rolunu oynayacaq və layihə immersiv, multimodal bədii mühit kimi qurulub.
Konseptual baxımdan layihə İmadəddin Nəsiminin fəlsəfi irsindən ilhamlanaraq müasir dünyanın qeyri-müəyyənliyi, informasiya yüklənməsi və daxili şüur mövzularını araşdırır. “Diqqət” layihəsində ənənəvi incəsənət yanaşmaları ilə yanaşı, kvant əsaslı sistemlər və neyroreaktiv texnologiyalar inteqrasiya olunub, Azərbaycanın milli pavilyonunun kuratoru isə Qvendolin Kollaço olacaq.
Arzu Qafarova
