Azərbaycan Cüdo Federasiyası ölkədə cüdo məşqçilərinin peşəkar səviyyəsinin yüksəldilməsi istiqamətində sertifikatlaşdırma proqramını mərhələli şəkildə davam etdirir. Proqramın əsas məqsədi məşqçilərin bilik və bacarıqlarını müasir standartlara uyğunlaşdırmaq və məşqçilik institutunu gücləndirməkdir.

24media.az AZƏRTAC-a istinadla xəbər verir ki, sertifikatlaşdırma çərçivəsində III səviyyə məşqçilik hazırlığını başa vurmuş 30 məşqçinin praktik bacarıqlarının qiymətləndirilməsinə başlanılıb. Qiymətləndirmə zamanı məşqçilərin real məşq şəraitində metodiki yanaşmaları, texniki-taktiki hazırlığı və idarəetmə bacarıqları təhlil olunur.
Praktik mərhələyə milli yığma komandaların performans direktoru Riçard Trautman rəhbərlik edir və proses beynəlxalq metodologiyaya əsaslanır. Federasiya bildirir ki, bu proqram regionlarda çalışan mütəxəssislər üçün də yeni imkanlar yaradaraq vahid metodiki sistemin formalaşmasına və Azərbaycan cüdosunun davamlı inkişafına töhfə verəcək.
Arzu Qafarova
