Qonaqpərvərlik və turizm sektorunda bağlantı xidmətlərinin keyfiyyəti və etibarlılığı getdikcə daha böyük əhəmiyyət kəsb edir. Sabit və şəffaf bağlantı standartlarının tətbiqi bu sahələrdə müştəri məmnuniyyətinin artırılması, beynəlxalq imicin gücləndirilməsi və rəqabət qabiliyyətinin qorunması baxımından əsas amillərdən biri hesab olunur.

24media.az AZƏRTAC-a istinadla xəbər verir ki, bunu Azərbaycan Qonaqpərvərlik Sahəsində Bağlantı Sammitində çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov deyib. O bildirib ki, sammit bağlantı üzrə mütəxəssislərlə qonaqpərvərlik sektoru nümayəndələri arasında əməkdaşlığı və dialoqu gücləndirən mühüm platforma rolunu oynayır.
Nazir müavini qeyd edib ki, bu kimi tədbirlər yalnız təcrübə və məlumat mübadiləsi ilə məhdudlaşmır, eyni zamanda Azərbaycanın rəqəmsal inkişafı üçün ortaq yanaşmanın formalaşmasına şərait yaradır. Saməddin Əsədov vurğulayıb ki, rəqəmsal transformasiya davamlı prosesdir və aparılan müzakirələr ölkənin texnoloji cəhətdən inkişaf etmiş və investorlar üçün cəlbedici mövqeyini daha da möhkəmləndirəcək.
Arzu Qafarova
