Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da İsrail Dövlətinin xarici işlər naziri Gideon Saarı qəbul edib. Görüş zamanı Azərbaycan ilə İsrail arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin müxtəlif sahələr üzrə uğurla inkişaf etdiyi vurğulanıb.

24media.az AZƏRTAC-a istinadla xəbər verir ki, söhbət zamanı bir neçə gün əvvəl Davosda Azərbaycan və İsrail prezidentləri arasında keçirilmiş görüş məmnunluqla xatırlanıb və həmin görüşdə ikitərəfli gündəliyə aid məsələlərin müzakirə olunduğu qeyd edilib. İqtisadi-ticari əlaqələr, enerji, turizm, kənd təsərrüfatı, su resurslarının idarə olunması, yüksək texnologiyalar və süni intellekt sahələrində əməkdaşlıq imkanlarına toxunulub.
Görüşdə həmçinin hökumətlərarası komissiyanın fəaliyyəti və onun əməkdaşlığın dərinləşdirilməsində rolu qeyd olunub. Gideon Saar səfərdə biznes dairələrinin nümayəndələrinin iştirak etdiyini bildirərək, keçiriləcək Azərbaycan–İsrail biznes-forumunun əlaqələrin genişlənməsinə töhfə verəcəyini deyib və Azərbaycanda yəhudi icmasına göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə təşəkkürünü çatdırıb.
Arzu Qafarova
