Bu gün:

“Super Ager”lər: 80 yaşda gənc zehnin genetik sirri


Yeni genişmiqyaslı araşdırma göstərir ki, 80 yaşdan yuxarı olmasına baxmayaraq yaddaşı və düşünmə qabiliyyəti xeyli gənc insanlarla müqayisə edilən “super ager”lər Alzheimer xəstəliyi ilə əlaqəli risk genini daha az, qoruyucu gen variantını isə daha çox daşıyırlar. 


Vanderbilt Universitetinin alimləri tərəfindən aparılan genişmiqyaslı tədqiqat vasitəsilə “super ager” adlandırılan nadir yaşlılar qrupunu araşdırıblar. Bu qrupa daxil olan şəxslər 80 yaşdan yuxarıdırlar, lakin yaddaş göstəriciləri 50–60 yaşlı sağlam insanlarla eyni və ya daha yaxşıdır.

Araşdırmanın nəticələrinə görə, "super ager"lər alzheimer xəstəliyi üçün ən güclü genetik risk faktoru sayılan APOE-ε4 genini Alzheimer demensiyası olan eyni yaş qrupundakı insanlarla müqayisədə 68% daha az daşıyırlar. Onlar, həmçinin eyni yaşda olan sağlam insanlarla müqayisədə də bu risk geninə daha az sahibdirlər.

Bundan əlavə, tədqiqat "super ager"lər arasında Alzheimerə qarşı qoruyucu təsirə malik olduğu düşünülən APOE-ε2 gen variantının daha geniş yayıldığını ortaya qoyub. Alimlər bildirirlər ki, bu tapıntılar beyin sağlamlığının qorunması və Alzheimer xəstəliyinə qarşı davamlılıq mexanizmlərinin anlaşılması baxımından böyük əhəmiyyət daşıyır.

Mənbə: SciTechDaily

Tərcümə etdi: Nərmin Məmmədzadə

Paylaş
Şərh əlavə et