Elm dünyasında şəkərə sağlam alternativ axtarışları yeni mərhələyə keçib. Tufts Universitetinin alimləri dad baxımından adi şəkərə çox yaxın olan, lakin sağlamlığa daha az zərər verən nadir bir şəkərin istehsal üsulunu hazırlayıblar. Bu kəşf qida sənayesində mühüm dəyişikliklərə yol aça bilər.
Tagatoza adlanan bu maddə az kalorili olması və qan şəkərinə minimal təsiri ilə seçilir. Alimlər E. coli bakteriyalarını genetik olaraq dəyişdirərək qlükozanı yüksək səmərəliliklə tagatozaya çevirməyə nail olublar. Yeni üsul həm istehsal xərclərini azaldır, həm də əvvəlki metodlarla müqayisədə daha effektivdir. Tagatoza dad, bişirmə xüsusiyyətləri və enerji dəyəri baxımından adi şəkərə güclü alternativdir. Onun diş sağlamlığına və bağırsaq mikroflorasına müsbət təsirləri də qeyd olunub. Bu texnologiya gələcəkdə digər nadir şəkərlərin istehsalında da geniş imkanlar yarada bilər.
Mənbə: TRT Haber
Tərcümə etdi: Fidan Mənsimova
