TRAPPIST-1 sistemi yaşanıla biləcək zonada yerləşən ən diqqətçəkən planet sistemlərindən biri olaraq elmi maraq doğurur. Tədqiqatçılar Ceyms Vebb Teleskopundan istifadə edərək “ilk dəfə olaraq uzaq bir planet üzərində Yerə bənzər atmosferin potensial mövcudluğunu” araşdırırlar.

Məlumata görə, sözügedən planet Yer kürəsindən təxminən 40 işıq ili uzaqlıqda yerləşən TRAPPIST-1 adlı planet sisteminin tərkib hissəsidir. Bu sistem quruluş baxımından olduqca qeyri-adi hesab olunur. Ulduz çox kiçikdir — ölçüsünə görə Yupiterə yaxındır və onun ətrafında ən azı yeddi qayalı planet dövr edir. Aparılan ilkin dörd müşahidəyə əsasən, planetin atmosferinin olmadığını qəti şəkildə söyləmək mümkün deyil. Bu isə ümidlərin hələ də canlı qaldığını göstərir. Planetin Venera və ya Mars tipli atmosferə malik olduğuna dair fərziyyələri təkzib edən sübutlar isə hələ də qüvvədədir.
Uzaq planetlərin atmosferləri “ötürmə spektroskopiyası” adlanan metod vasitəsilə tədqiq edilir. Planet ana ulduzunun qarşısından keçərkən, ulduz işığı planetin atmosferindən süzülür. Astronomlar işığın müxtəlif dalğa uzunluqlarında necə dəyişdiyini analiz edərək atmosferdə mövcud olan molekulları müəyyən edə bilirlər.
Astronomların fikrincə, sistemdəki üç planet əgər atmosferə malikdirlərsə ulduz ətrafında maye suyun mövcud ola biləcəyi yaşana bilən zonada yerləşir.
JWST sələfi olan Hubble Kosmik Teleskopu ilə müqayisədə daha geniş dalğa uzunluğu diapazonuna və daha yüksək spektral ayırdetmə qabiliyyətinə malikdir. Bu isə Günəş sistemimizdə geniş yayılmış karbon qazı (CO₂) və metan kimi molekulların müşahidə olunmasına imkan yaradır. Bununla yanaşı, təkmilləşdirilmiş müşahidələr ulduz ləkələri və ulduz partlayışları səbəbindən ana ulduzun temperaturundakı dəyişikliklərin məlumatların şərhini çətinləşdirdiyini də üzə çıxarıb. “Ulduz çirklənməsi” kimi tanınan bu problem planetin atmosferinə dair siqnalların yalnız ulduz işığı vasitəsilə müşahidə edilməsi səbəbindən məlumatların düzgün təhlilini ciddi şəkildə məhdudlaşdırır. Hansı siqnalların ulduzdan, hansılarının planetdən qaynaqlandığını ayırd etmək olduqca çətindir.
Tədqiqatçılar ulduz aktivliyinin təsirini azaltmaq məqsədilə yeni bir metod tətbiq ediblər. Bu yanaşmaya əsasən, zamanla dəyişən siqnalların böyük ehtimalla ulduz mənşəli olduğu, sabit və ardıcıl qalan siqnalların isə planetdən qaynaqlandığı ehtimal edilir.
Araşdırmanın nəticələrinə görə, Mars və Veneraya bənzər, karbon qazı ilə zəngin atmosferlərin mövcudluğu ehtimalı zəifdir. Buna qarşılıq, Saturnun Titana bənzər, isti və azotla zəngin atmosferə malik bir mühit mümkün hesab olunur. Lakin mövcud sübutlar hər hansı bir atmosferin varlığını qəti şəkildə təsdiqləmək, hətta konkret bir qaz növünü aşkar etmək üçün hələlik kifayət deyil.
İlkin müşahidələrdən sonra JWST ilə əldə ediləcək əlavə məlumatların, yaşana bilən zonada yerləşən ən perspektivli planetlərdən birinin daha dərindən anlaşılmasına mühüm töhfə verəcəyi gözlənilir.
Mənbə: CNN Türk
Tərcümə etdi: Emiliya Vəlicanova
