Timoti Şalamet bu il Hollivudun ən nüfuzlu simalarının bir araya gəldiyi Qızıl Qlobus Mükafatları mərasimində əsas qaliblərdən biri olub.

30 yaşlı Şalamet “Marty Supreme” adlı masa tennisi mövzulu komediya filmindəki roluna görə musiqili və ya komediya janrında ən yaxşı aktyor mükafatını qazanaraq Leonardo DiKaprio və Corc Kluni də daxil olmaqla bir sıra ulduzları geridə qoyub. Bu uğur onun Oskar mükafatına gedən yolda mövqeyini daha da gücləndirib.
DiKaprio fərdi mükafatı əldə edə bilməsə də, onun rol aldığı “One Battle After Another” filmi gecənin ən çox mükafat qazanan ekran işi olub. Film ümumilikdə dörd mükafat əldə edib; bunların arasında ən yaxşı musiqili və ya komediya filmi və ən yaxşı rejissor mükafatları da yer alır.
İrlandiyalı aktrisa Cessi Bakli “Hamnet” filmindəki roluna görə ən yaxşı dram aktrisası seçilib. Film, eyni zamanda sürpriz şəkildə ən yaxşı dram filmi nominasiyasında da qalib gəlib.
Əvvəlcədən favorit hesab edilən vampir trilleri “Sinners” isə əsas mükafatları qazana bilməyib. Film kassa nailiyyəti mükafatı və ən yaxşı musiqi (score) mükafatı ilə kifayətlənib.
Qızıl Qlobuslar Oskar mükafatlarına aparan yolda mühüm mərhələ hesab olunur. Bazar günü keçirilən mərasimdə digər aktyorluq mükafatları Teyana Teylor, Rouz Börn, Vaqner Moura və Stellan Skarsqorda təqdim edilib.
Oskarlardan fərqli olaraq, Qızıl Qlobuslar televiziya layihələrini də mükafatlandırır. Gecə ərzində britaniyalı aktyorlar Stiven Qrehem, Ouen Kuper və Erin Doherti Netflix platformasında yayımlanan “Adolescence” dram serialındakı rollarına görə mükafatlara layiq görülüblər.
Oskar yarışı fonunda Timoti Şalametin qələbəsi onun əsas rəqibləri üzərində üstünlük qazanmasına səbəb olub. Mükafatı qəbul edərkən o, “Mən bir çox böyük sənətkarla eyni kateqoriyadayam”, - deyə bildirib.
Bu, Şalametin Qızıl Qlobuslara beşinci nominasiyası, lakin ilk qələbəsi olub. Aktyor çıxışında atasının ona uşaqlıqdan minnətdarlıq ruhu aşıladığını vurğulayıb: “Həmişə sahib olduqlarına şükür etməyi öyrədib”.
“Bu, mənə əvvəlki mərasimləri mükafatsız tərk etsəm belə, başım dik şəkildə, sadəcə burada olduğuma görə minnətdar qalmağa imkan verib. Amma etiraf etməliyəm ki, o xatirələr bu anı daha da dəyərli edir”, – deyə o əlavə edib.
Şalamet sözlərinin sonunda valideynlərinə və partnyoru Kayli Cennerə müraciət edərək, “Valideynlərim üçün, həyat yoldaşım üçün – sizi çox sevirəm”, - deyə bildirib.
Mənbə: BBC News
Tərcümə etdi: Emiliya Vəlicanova
