İran hökuməti ölkəni bürüyən etiraz aksiyalarına qarşı sərt mövqe nümayiş etdirir. BBC tərəfindən təsdiqlənən videolarda və şahid ifadələrində görünür ki, etirazlar bütün vilayətlərdə 100-dən çox şəhərə yayılıb və təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında toqquşmalar baş verib.

Xəbərlərə görə, iki xəstəxanada çalışan həkimlər BBC-yə bildirib ki, iki gün ərzində 100-dən çox nəfərin cəsədi gətirilib. Milli səviyyədə ölənlərin sayının isə xeyli yüksək olmasından ehtiyat edilir.
ABŞ etirazçıların öldürülməsi ilə bağlı İrana zərbə endirməklə hədələyib. Bunun cavabında İran parlamentinin spikeri qeyd edib ki, əgər ABŞ hücum etsə, İsrail də daxil olmaqla, regiondakı ABŞ hərbi və nəqliyyat mərkəzləri qanuni hədəfə çevriləcək.
İran ABŞ tərəfindən hücuma məruz qalarsa, cavab zərbəsi endirəcəyini bildirib. Eyni zamanda, etirazların gecələr də davam etdiyi qeyd olunur.
Mənbə: BBC news
Tərcümə etdi: Fidan Ağayeva
