Xilasedicilər Nyu-Cersi ştatındakı avtomobil yolunda (New Jersey Turnpike) qaçan bir iti tapmaq üçün dron texnologiyasından istifadə ediblər. Bir it yolüstü dayanacaqdan qaçaraq təxminən 40 kilometr (25 mil) məsafə qət edib və ertəsi gün dronun köməyi ilə sağ-salamat tapılıb.

Abbi adlı 9 yaşlı qızılı retriver qarışığı olan it Cənubi Karolinadakı bir sığınacaqdan Meyn ştatında ona planlaşdırılan yeni evinə aparılıb. O, şənbə günü səhər saat 6 radələrində Şərqi Brunsvikdə yerləşən xidmət məntəqəsində dayanan mikroavtobusda olan bir neçə itdən biri olub. İtlərin baxıcıları onların çölə çıxıb ehtiyaclarını ödəməsinə icazə verəndə Abbi qəfil qaçıb.
Abbinin üzərində onun ümumi yerini göstərən izləmə qurğusu var idi. Nyu-Cersidə fəaliyyət göstərən “Unmanned Search and Rescue” adlı dron qrupu istilik görüntüləmə texnologiyası olan pilotsuz drondan istifadə edərək xilasediciləri Abbinin yerinə yönəldib. İt meşəlik ərazidə tapılıb və Vudbric qəsəbəsinin polisi onu bazar günü gecə saat 2 radələrində, qaçdığı yerdən təxminən 24 kilometr uzaqlıqda xilas edib. Polis bildirib ki, Abbi tapılanda çox üşümüş və qorxmuş vəziyyətdə idi və sonradan onun bud nahiyəsindən zədəsi olduğu, bu zədə üçün cərrahiyyə əməliyyatı lazım gəldiyi məlum olub.
Bu hadisə dron komandası üçün 123-cü it xilasetmə əməliyyatı olub. Sığınacaq bazar ertəsi gecəsi sosial şəbəkədə bildirib ki, artıq Abbi Meynə aparılmayacaq, o yenidən Cənubi Karolinaya qaytarılıb və əvvəllər ona baxan Kolumbiya şəhərindəki ailə tərəfindən övladlığa götürüləcək. Sığınacaq həmçinin qeyd edib ki, “yerdə axtarış aparan insanlar və göydəki dronlar sayəsində Abbi tapıldı və təhlükəsiz şəkildə xilas edildi” və kömək edən bütün qurumlara təşəkkür edib.
Mənbə: AP news
Tərcümə etdi: Aydan Xudayarova
