Oksfamın araşdırması qlobal karbon buraxımlarında ən böyük məsuliyyətin çox kiçik bir varlı qrupun üzərinə düşdüyünü ortaya qoyub.

Oksfam tərəfindən aparılan yeni araşdırmaya əsasən, dünyanın ən varlı 1%-i 2026-cı il üçün onlara düşən “ədalətli” karbon buraxımı limitini ilin ilk 10 gündə tükədib. Hesabatda göstərilib ki, ən varlı 0,1% isə bu illik karbon büdcəsini cəmi üç gün ərzində istifadə edib.
Təşkilat bildirib ki, yaranan karbon buraxımının ən ağır nəticələri iqlim böhranının yaranmasına ən az töhfə vermiş qruplar – aşağıgəlirli ölkələrdə yaşayan əhali, iqlim dəyişikliklərinin ön cəbhəsində olan icmalar, yerli xalqlar, qadınlar və qızlar tərəfindən yaşanıb.
Araşdırmada qeyd olunub ki, aşağı və orta gəlirli ölkələr bu karbon buraxımlarının zərərli təsirlərinə qarşı daha həssas vəziyyətdə qalıb, qlobal iqtisadi ziyanın isə 2050-ci ilə qədər 44 trilyon funt sterlinqə çata biləcəyi ehtimal edilib.
Oksfam Böyük Britaniyanın maliyyə nazirini iqlimi çirkləndirən həddindən artıq sərvətə daha yüksək vergilərin tətbiqinə çağırıb. Bildirilib ki, ölkədə ən varlı 1% səkkiz gün ərzində ən kasıb 50%-in bir il ərzində yaratdığı qədər karbon çirklənməsi yaradıb.
Hesabatda vurğulanıb ki, super-varlılar təkcə karbon buraxımlarının əsas mənbəyi olmayıb, eyni zamanda ən çox çirkləndirən sənaye sahələrinə sərmayə yatırıb. Orta hesabla bir milyarderin investisiya portfeli ildə 1,9 milyon ton karbon qazı buraxımı yaradan şirkətlərə aid olub ki, bu da təxminən 400 min benzinlə işləyən avtomobilin illik karbon buraxımına bərabər edilib.
2015-ci ildə qəbul olunmuş Paris Sazişinə əsasən, qlobal istiləşməni sənayeöncəsi dövrlə müqayisədə 1,5 dərəcədən artıq artırmamaq üçün dünyanın ən varlı 1%-nin 2030-cu ilə qədər karbon buraxımını 97% azaltmalı olduğu bildirilib.
Oksfam Böyük Britaniyada iqlim ədaləti üzrə məsləhətçi Bet Conun sözlərinə görə, hökumət karbon buraxımlarının vurduğu zərəri məhdudlaşdırmaq üçün əsas diqqəti ən varlı çirkləndiricilərə yönəltməli olub. O qeyd edib ki, şəxsi təyyarələr və neft-qaz şirkətləri kimi ən böyük çirkləndiricilərin ədalətli şəkildə vergiyə cəlb edilməsi daha yaşıl və ədalətli gələcəyə keçid üçün vacib addım sayılıb.
Mənbə: The Guardian
Tərcümə etdi: Fərid Tapdıqov
