Alimlər xəbərdarlıq edirlər ki, yataq çarşafları və yastıqlar vaxtında yuyulmadıqda milyonlarla bakteriya, göbələk və toz gənəsinin toplanması üçün ideal mühitə çevrilir və bu, allergiya və infeksiya riskini artıra bilər.

İnsanlar həyatlarının təxminən üçdə birini yataqda keçirirlər. Günün yorğunluğunu isti yorğan altında çıxarmaq rahat görünsə də, mütəxəssislər bildirirlər ki, yataq dəstləri təkcə insanlar üçün deyil, həm də müxtəlif mikroorqanizmlər üçün “cənnət”dir.
Ev şəraitində risk daha az olsa da, tam aradan qalxmır. ABŞ-də aparılan bir araşdırmaya əsasən, cəmi bir həftə yuyulmayan yastıq üzərində hər kvadrat düymdə təxminən üç milyon bakteriya aşkarlanıb ki, bu da orta tualet oturacağından minlərlə dəfə çoxdur. Alimlər bildirirlər ki, yastıqlarda milyardlarla göbələk hissəciyi ola bilər və bunlar əsasən gecə baş nahiyəsindən gələn tər, istilik və toz gənələrinin ifrazatı hesabına çoxalır.
Mütəxəssislər sağlamlıq risklərini azaltmaq üçün yataq çarşafları və yastıq üzlərinin ən azı həftədə bir dəfə yuyulmasını tövsiyə edirlər.
Mənbə: BBC
Tərcümə etdi: Nərmin Məmmədzadə
