Elon Maskın X platforması Grok süni intellektinin şəkil redaktəsi funksiyasını ödənişli istifadəçilərlə məhdudlaşdırıb. Bu addım alətin insanların razılığı olmadan onların şəkillərini cinsi məzmunlu şəkildə dəyişdirməsinə imkan yaratması ilə bağlı yaranan ciddi tənqidlərdən sonra atılıb.

İstifadəçilərin başqalarının şəkillərini filtersiz paylaşmaq kimi istəklərinin Grok tərəfindən yerinə yetirilməsi geniş ictimai narazılığa səbəb olub. Hazırda bu cür şəkil redaktəsi yalnız ödənişli abunəçilər üçün mümkündür və bu, istifadəçinin adının və ödəniş məlumatlarının sistemdə qeydiyyatda olmasını tələb edir.
BBC-nin məlumatına görə, ödənişsiz istifadəçilər Grok vasitəsilə şəkil redaktəsini X platformasında edə bilməsələr də, alətin ayrıca tətbiqi və veb-saytı üzərindən bu funksiyadan istifadə edə bilərlər. X şirkəti məsələ ilə bağlı BBC-nin sorğusuna cavab verməyib.
Pornografiya, cinsi zorakılıq və onlayn sui-istifadənin hüquqi tənzimlənməsi üzrə mütəxəssis professor Kler MakQlinn bu qərarı tənqid edərək bildirib ki, problemli funksiyaları tam dayandırmaq əvəzinə, sadəcə istifadəçilərin əksəriyyəti üçün əlçatanlığı məhdudlaşdırmaq məsuliyyətli yanaşma deyil.
“Internet Watch Foundation” təşkilatının siyasət üzrə rəhbəri Hanna Svirski isə qeyd edib ki, bu addım artıq vurulmuş zərəri aradan qaldırmır. Təşkilat daha əvvəl Grok vasitəsilə yaradıldığı ehtimal edilən, 11–13 yaşlı qızlara aid qanunsuz görüntülərin aşkarlandığını açıqlayıb.
Hadisə fonunda Böyük Britaniya hökuməti tənzimləyici qurum "Ofcom"u X platformasına qarşı bütün səlahiyyətlərindən, o cümlədən mümkün qadağalardan istifadə etməyə çağırıb. Baş nazir Ser Kir Starmer Grok tərəfindən yaradılan cinsi məzmunlu görüntüləri “iyrənc” və “qəbuledilməz” adlandıraraq, hökumətin bu cür qanunsuz məzmuna dözməyəcəyini bildirib.
Mənbə: BBC News
Tərcümə etdi: Emiliya Vəlicanova
