Tibb jurnalı “The Lancet”də dərc olunan və Böyük Britaniya, Avstraliya, Yeni Zelandiya və ABŞ-də aparılmış araşdırmaya əsasən, hər 10 nəfərdən səkkizi piylənmənin yalnız həyat tərzi seçimləri ilə tamamilə qarşısının alına biləcəyini düşünür.

Piylənmənin (obezitenin) yalnız iradə məsələsi olduğu fikri, bəzi tibb mütəxəssisləri də daxil olmaqla, cəmiyyətin geniş bir hissəsi tərəfindən qəbul edilir.
Lakin artıq 20 ildir piylənmə və artıq çəki problemi olan pasiyentlərlə çalışan dietoloq Bini Suresh bu yanaşmanı qəti şəkildə tənqid edir.
Onun sözlərinə görə, bu baxış bucağı reallığın yalnız bir hissəsini əks etdirir: “Tez-tez yüksək motivasiyaya malik, məlumatlı və ardıcıl şəkildə səy göstərən, lakin buna baxmayaraq çəkilərinə nəzarətdə çətinlik çəkən pasiyentlərlə rastlaşıram”.
“WeightWatchers” şirkətinin tibbi direktoru Dr. Kim Boyd isə bildirir ki, “iradə” və “özünənəzarət” kimi terminlər düzgün anlayışlar deyil: “Onilliklərdir insanlara daha az yemək və daha çox hərəkət etmək tövsiyə olunur və bunun kilo itkisinə səbəb olacağı deyilir. Halbuki piylənmə çox daha mürəkkəb bir vəziyyətdir”.
Dr. Boyd və danışdığım digər mütəxəssislər qeyd edirlər ki, bir insanın piylənməsinin saysız-hesabsız səbəbi ola bilər və bu səbəblərin bəziləri hələ də tam şəkildə araşdırılmayıb. Aydın olan isə budur ki, bu mövzuda hər kəs eyni şərtlərlə “yarışmır”.
Mənbə: BBC News
Tərcümə etdi: Emiliya Vəlicanova
