Qazaxıstan Respublikasının Azərbaycanda yeni təyin olunmuş hərbi attaşesi, polkovnik Salauat Xayruşev yanvarın 7-də müdafiə naziri, general-polkovnik Zakir Həsənova təqdim edilib.

24media.az-ın məlumatına görə, görüş zamanı müdafiə naziri qazaxıstanlı diplomatı Azərbaycanda fəaliyyətə başlaması münasibətilə təbrik edib. Nazir Azərbaycan və Qazaxıstan arasında münasibətlərin dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını, həmçinin bu əlaqələrin zəngin tarixi ənənələrə söykəndiyini vurğulayıb. Zakir Həsənov polkovnik S.Xayruşevə iki ölkə arasında hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində gələcək fəaliyyətində uğurlar arzulayıb.
Polkovnik Salauat Xayruşev ona göstərilən etimada görə minnətdarlığını ifadə edərək6 xidmət müddəti ərzində Azərbaycan və Qazaxıstan arasında hərbi əlaqələrin möhkəmləndirilməsi üçün bütün səylərini göstərəcəyini bildirib.
Görüş çərçivəsində hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələr üzrə əməkdaşlığın mövcud vəziyyəti müzakirə olunub, həmçinin bu istiqamətlərdə yeni perspektivlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Fatimə Hüseynova
