Obezitenin yalnız iradə və şəxsi məsuliyyət məsələsi olduğu fikri geniş yayılıb. Lakin mütəxəssislər bildirir ki, artıq çəki genetik faktorlar, hormonlar və insanı kökəlməyə təşviq edən mühitlə sıx bağlıdır və bu proses heç də hər kəs üçün eyni deyil.

Beynəlxalq araşdırmaya görə, Böyük Britaniya, ABŞ, Avstraliya və Yeni Zelandiyada respondentlərin 80%-i obezitenin həyat tərzi ilə tam qarşısı alına bilən problem olduğunu düşünür. Lakin tibb mütəxəssisləri bu yanaşmanı natamam hesab edirlər. Mütəxəssislər əlavə edirlər ki, bəzi insanların maddələr mübadiləsi daha yavaş işləyir və eyni miqdarda qida qəbuluna baxmayaraq daha çox çəki yığa bilirlər.
Bariatrik cərrah Endryu Cenkinsinin sözlərinə görə, insan beyninin qəbul etdiyi “çəki set nöqtəsi” mövcuddur. Çəki bu səviyyədən aşağı düşdükdə orqanizm iştahanı artırır və enerji sərfiyyatını azaldır.
Böyük Britaniyada böyüklərin 60%-dən çoxu artıq çəkidən əziyyət çəkir və ya obezdir. Mütəxəssislər bu artımı ucuz, yüksək kalorili qidaların geniş yayılması, fast-food reklamları və fiziki aktivliyin azalması ilə əlaqələndirirlər.
Bu gündən etibarən ölkədə televiziyada saat 21:00-dan əvvəl və onlayn platformalarda qeyri-sağlam qida reklamlarına qadağa qüvvəyə minib. Lakin ictimai səhiyyə mütəxəssisləri hesab edirlər ki, obezite ilə mübarizə üçün struktur və uzunmüddətli tədbirlər tələb olunur.
Mənbə: BBC
Tərcümə etdi: Nərmin Məmmədzadə
