Bu gün:

Fransanın məşhur ulduzu Brijit Bardo 91 yaşında vəfat edib


Fransız kino və mədəniyyətinin məşhur simalarından biri olan Brijit Bardo 91 yaşında vəfat edib.

Brijit Bardonun təsis etdiyi fondun açıqlamasında bildirilib ki, sənətçi prestijli kino və musiqi karyerasını geridə qoyaraq həyatını heyvanların rifahının qorunmasına həsr edib.

1956-cı ildə çəkilmiş “Və Tanrı Qadını Yaratdı” filmi də daxil olmaqla, Fransa kinosunun kult əsərlərində rol alan Bardo ümumilikdə təxminən 50 filmə çəkilib.

Fransada “BB” kimi tanınan aktrisa 1950-ci illərdə cinsi azadlığın simvollarından biri hesab olunub.

Sonrakı illərdə Bardo irqə əsaslanan nifrət nitqinə görə bir neçə dəfə cərimələnib və ifrat sağçı Milli Birlik (RN) partiyasına açıq dəstək verib.

Sənətçi 1973-cü ildə, 39 yaşında olarkən aktyorluq karyerasına son qoyduğunu və həyatını heyvanların müdafiəsinə yönəldəcəyini elan edib. Bardo əvvəllər bu qərarını belə ifadə edib: “Gəncliyimi və gözəlliyimi kişilərə verdim, müdrikliyimi və təcrübəmi isə heyvanlara verirəm”.

1986-cı ildə o, vəhşi və ev heyvanlarının qorunması məqsədilə Brijit Bardo Fondunu yaradıb. Bardo sonradan vegetarianlığa(ət məhsulundan istifadə etməyən) keçib.

2013-cü ildə Fransada bir zooparkda iki xəstə filin öldürülməsinin qarşısı alınmasa, Rusiya vətəndaşlığına müraciət edəcəyini bəyan edib.

Fondun rəsmi məlumatına görə, təşkilatın hazırda dünya üzrə 70 mindən çox donoru, təxminən 300 əməkdaşı və 500-dən artıq könüllü tədqiqatçısı var.


Mənbə: BBC News

Tərcümə etdi: Emiliya Vəlicanova

Paylaş
Şərh əlavə et