24media.az Report-a istinadən xəbər verir ki, Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi, səfir Ramil Həsən Qazaxıstan Respublikasına rəsmi səfəri çərçivəsində Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev ilə görüşüb.

Görüş zamanı tərəflər qurumlar arasında əlaqələrin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparıblar. Xüsusilə ortaq türk tarixi, əlifbası, coğrafiyası və ədəbiyyatı sahələrində Türk Akademiyasının əldə etdiyi mühüm nailiyyətlər fonunda əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.
Ramil Həsən və Şahin Mustafayev 2026-cı ildə türk dünyasının ortaq strateji maraqlarına uyğun olaraq birgə addımların atılması üçün sıx və səmərəli əməkdaşlığın gücləndirilməsinin önəmini qeyd ediblər. Bu məqsədlə TÜRKPA və Türk Akademiyası tərəfindən koordinatorların təyin olunduğu və onların vasitəsilə ikitərəfli əməkdaşlığın yeni inkişaf mərhələsinə keçidi üçün imkanların yaradılacağı bildirilib.
Səidə Abasova
