Bu gün:

Vəkillər Kollegiyasında hüquqi xidmətlərin rəqəmsallaşması genişlənir


Müasir dövrün tələblərinə uyğun olaraq Vəkillər Kollegiyası rəqəmsallaşma sahəsində mühüm addımlar atıb. Bir neçə ildir tətbiq olunan hüquqi yardım haqqında müqavilənin elektron formada bağlanması və elektron vəkil orderi hüquqi xidmətlərin göstərilməsində yeni imkanlar yaradıb.

Bu sistem vasitəsilə vətəndaşlar dünyanın istənilən yerindən vəkil bürolarına getmədən onlayn qaydada vəkillərlə hüquqi yardım haqqında müqavilə bağlaya bilirlər. Statistik məlumatlar da bu layihələrin səmərəliliyini açıq şəkildə göstərir. Belə ki, 2025-ci il dekabrın 12-dək 55 min 576 elektron vəkil orderi və 73 min 34 elektron müqavilə rəsmiləşdirilib.

24media.az xəbər verir ki, bu fikirləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov 28 Dekabr – Vəkil Günü peşə bayramı münasibətilə Kollegiyanın üzvlüyünə yeni qəbul olunan vəkillərin təntənəli andiçmə mərasimində çıxışı zamanı səsləndirib.

Anar Bağırov bildirib ki, rəqəmsallaşma istiqamətində görülən işlər bununla məhdudlaşmır və növbəti mərhələ elektron vəkil sorğusu layihəsinin icrasıdır. Onun sözlərinə görə, Femida Dialoq Platforması çərçivəsində Ali Məhkəmədə keçirilən görüş zamanı bu layihə ilə bağlı müzakirələr aparılıb. Hazırda normativ tənzimləmə istiqamətində işlər davam etdirilir və zəruri dəyişikliklər edildikdən sonra sistem istifadəyə veriləcək.

Fatimə Hüseynova

Paylaş
Şərh əlavə et