İsveçdə aparılan uzunmüddətli elmi araşdırma pendir istehlakının beyin sağlamlığına təsirini gündəmə gətirib. Tədqiqat nəticələri göstərib ki, bəzi qidalar demans riskinin azalmasında rol oynaya bilər. Xüsusilə yağlı pendirlərlə bağlı əldə edilən nəticələr elm dünyasında maraq doğurub.

Lund Universitetinin 25 il davam edən araşdırmasında 27 mindən çox insan müşahidə olunub. Gündə 50 qramdan çox yağlı pendir (cheddar, gouda, bri, mozzarella və s.) istifadə edən şəxslərdə demans riski 13 faiz daha aşağı qeydə alınıb. Maraqlıdır ki, bu müsbət təsir az yağlı pendirlərdə, süd və yoqurtda müşahidə olunmayıb. Alimlər bu nəticələrin yağlı pendirlərin tərkibindəki faydalı yağlarla əlaqəli ola biləcəyini bildiriblər. Bununla belə, tək bir qidanın “möcüzəvi” təsir göstərdiyini düşünmək düzgün hesab edilmir. Mütəxəssislər demansın qarşısının alınması üçün balanslı qidalanma və sağlam həyat tərzinin əsas şərt olduğunu vurğulayıblar.
Tərcümə etdi: Fidan Mənsimova
