Dekabrın 26-da AMEA-nın Rəyasət Heyətində Azərbaycan Xalq Cümhuriyyətinin əsas qurucularından biri, görkəmli dövlət xadimi Fətəli xan Xoyskinin anadan olmasının 150 illiyinə həsr edilmiş elmi konfrans keçirilib.
24media.az xəbər verir ki, tədbirdə AMEA Rəyasət Heyətinin üzvləri, aparatın şöbə müdirləri, elmi müəssisə və təşkilatların direktorları, əməkdaşları və aidiyyəti şəxslər iştirak ediblər.
Konfransı AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq bildirib ki, konfrans Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2025-ci il tarixli “Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən təşkil edilib. O qeyd edib ki, həmçinin AMEA tərəfindən Fətəli xan Xoyskinin yubileyinə dair Tədbirlər Planı təsdiqlənib və Akademiyanın elmi müəssisə və təşkilatlarında, eləcə də regional elmi bölmə və mərkəzlərində geniş tədbirlər keçirilir.
Akademik İsa Həbibbəyli vurğulayıb ki, ölkə başçısının Sərəncamı həm görkəmli şəxsiyyətə, həm də Azərbaycan Xalq Cümhuriyyətinə dövlət səviyyəsində verilən yüksək dəyərin əməli ifadəsidir. Son dövrlərdə Azərbaycanın görkəmli şəxslərinin yubileylərinin qeyd olunması ilə bağlı verilən dövlət sərəncamlarında AMEA-ya da vəzifələr həvalə olunub. O, akademik Yusif Məmmədəliyevin 120, akademik Mustafa Topçubaşovun 130, Üzeyir Hacıbəylinin 140, Seyid Əzim Şirvaninin 190 illiyi və digər yubileylərin bu qəbildən olduğunu vurğulayıb və Azərbaycan elminə, ziyalılarına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Tədbirdə AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Azərbaycan Cümhuriyyətinin tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aygün Əzimova “Fətəli xan Xoyskinin həyatı və fəaliyyəti (yeni arxiv sənədləri və materiallar əsasında)”, həmin şöbənin müdiri, tarix elmləri doktoru, dosent Kamran İsmayılov “Fətəli xan Xoyskinin milli dövlət quruculuğu və siyasi-hüquqi islahatlar kursu”, şöbənin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Mübariz Ağalarov “Fətəli xan Xoyskinin siyasi-ideoloji baxışları və dövlətçilik fəlsəfəsi” mövzularında, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov isə “Azərbaycan ədəbiyyatında Fətəli xan Xoyskinin bədii obrazı” mövzusunda məruzələr təqdim ediblər.
Fatimə Hüseynova
