“İbtidai sinif müəllimliyi” ixtisası üzrə xaricdə əldə edilmiş kvalifikasiyaların son peşə tanınması imtahanında müvəffəqiyyət səviyyəsi cəmi 17 faiz təşkil edib.
24media.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov 2025-ci ilin yekunlarına həsr olunmuş brifinqdə məlumat verib.
Onun sözlərinə görə, TKTA-nın sifarişi əsasında Dövlət İmtahan Mərkəzi tərəfindən dekabrın 19-da keçirilən peşə tanınması imtahanında “İbtidai sinif müəllimliyi” ixtisası üzrə iştirak edən namizədlərin 83 faizi uğursuz nəticə göstərib. Belə ki, imtahanda iştirak edən 6 nəfərdən 5-i keçid balını toplaya bilməyib, yalnız 1 müraciətçi uğurlu nəticə əldə edib.
TKTA sədri bildirib ki, qeydə alınan uğursuz nəticələrin əsas hissəsi Rusiya Federasiyası və Gürcüstanın ali təhsil müəssisələrinin məzunlarının payına düşür. Belə ki, bu ixtisas üzrə peşə tanınması imtahanında uğursuz nəticə göstərən şəxslər kvalifikasiyalarını Rusiya Federasiyasında Moskva Dövlət Pedaqoji Universiteti, Moskva Şəhər Pedaqoji Universiteti, Dağıstan Dövlət Pedaqoji Universiteti, Gürcüstanda isə İlia Dövlət Universiteti və Gürcüstan Texniki Universitetində əldə ediblər.
Qeyd olunub ki, imtahanda keçid balını toplayaraq müvəffəqiyyət qazanan yeganə müraciətçi kvalifikasiyasını Türkiyənin Bursa Uludağ Universitetində əldə edib.
Tural Əhmədov əlavə edib ki, TKTA-nın apardığı təhlillər göstərir: peşə tanınması imtahanında uğur qazanmayan şəxslər, əsasən, ali təhsil müəssisələrinə hər hansı ciddi seçim və dəyərləndirmə aparılmadan, yalnız tam orta təhsil haqqında sənəd əsasında qəbul olunanlardır.
Fatimə Hüseynova
