Bu gün:

TKTA 11 ali məktəbdə institusional akkreditasiya aparıb


Cari il ərzində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən 11 ali təhsil müəssisəsində institusional akkreditasiya üzrə qiymətləndirmə prosesi həyata keçirilib.

24media.az xəbər verir ki, bu barədə TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov 2025-ci ilin yekunlarına həsr olunmuş brifinq zamanı məlumat verib.

Onun sözlərinə görə, müəyyən edilmiş qrafik əsasında Azərbaycan Dövlət Dəniz Akademiyası, Bakı Ali Neft Məktəbi, Bakı Qızlar Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Odlar Yurdu Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Texnologiya Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetində institusional akkreditasiya qiymətləndirilməsi aparılıb. Eyni zamanda Gəncə Dövlət Universitetində təkrar institusional akkreditasiya qiymətləndirilməsi təşkil olunub.

Tural Əhmədov qeyd edib ki, hesabat dövründə 17 ali təhsil müəssisəsində proqram akkreditasiyası üzrə qiymətləndirmə həyata keçirilib. Belə ki, “Məktəbəqədər təhsil” ixtisası üzrə 14 ali təhsil müəssisəsində - Azərbaycan Dövlət Pedaqoji Universitetinin əsas kampusu və Ağcabədi, Cəlilabad, Quba, Şəki filialları, Lənkəran Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Bakı Qızlar Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Sumqayıt Dövlət Universiteti və Odlar Yurdu Universitetində proqram akkreditasiya qiymətləndirilməsi aparılıb.

Bununla yanaşı, “İbtidai sinif müəllimliyi” ixtisası üzrə Naxçıvan Müəllimlər İnstitutu, Gəncə Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında təkrar proqram akkreditasiya qiymətləndirilməsi həyata keçirilib.

Fatimə Hüseynova

Paylaş
Şərh əlavə et