Böyük Britaniyada bir ailənin Milad ərəfəsində etdiyi xeyirxah addım onların həyatını tamamilə dəyişib. 23 dekabr 1975-ci ildə Kardiffdə yaşayan Rob və Dianne Parsons qapılarını döydükdən sonra evsiz və autizmli Ronni Lockvudu evlərinə dəvət ediblər.

O vaxt gənc olan cütlük Ronnini yalnız Milad günləri üçün qəbul etməyi planlaşdırsa da, bu qərar 45 il davam edən birgə həyata çevrilib. Ronni illərlə evsiz qaldıqdan sonra Parsons ailəsində ilk dəfə sevgi və qayğı görüb, bunu Milad süfrəsində göz yaşları ilə qarşılayıb.
Cütlük ona iş tapmaqda kömək edib, geyim alıb və ailənin bir üzvü kimi yanaşıb. Ronni sonradan uşaqlara baxıb, ev işlərində və kilsədə könüllü fəaliyyətlərdə fəal iştirak edib, ailənin həyatının ayrılmaz hissəsinə çevrilib.
Zaman-zaman çətinliklər olsa da, Rob və Dianne Ronnisiz həyatlarını təsəvvür etmədiklərini bildiriblər. Onların övladları da Ronnini sadəcə “ailədən biri” kimi tanıyıb və böyüyüb.
Ronni 2020-ci ildə 75 yaşında vəfat edib. O, vəsiyyətində 40 min funtu xeyriyyə məqsədləri üçün bağışlayıb və bu məbləğ bir mərkəzin damının təmirinə tam kifayət edib. Cütlük deyir ki, Ronni onların həyatına dərin mənəviyyat və zənginlik qatıb.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
