Bu gün:

Yer üzündəki ən yaşlı heyvan gülünc bir təsadüf nəticəsində həlak olub


İslandiya sahillərində tapılan bir molyusk elmə məlum olan ən uzunömürlü tək canlı hesab olunur. Min adlanan bu canlı 500 ildən çox yaşayıb və araşdırma zamanı təsadüfən həyatını itirib.

İslandiya sahillərində tapılan və Min adlandırılan Arctica islandica növündən olan molyusk, elmə məlum olan tək heyvanlar arasında ən uzunömürlü canlı hesab olunur. Əvvəlcə onun qabığındakı illik halqalara görə yaşı 405 ildən çox hesab olunub. Sonra aparılan radiokarbon analizi göstərib ki, o, əslində 507 il yaşayıb.

Bu o deməkdir ki, Min təxminən 1499-cu ildə doğulub. O, okeanın dərinliklərində yaşayaraq Böyük coğrafi kəşflər dövründən tutmuş internet dövrünə qədər bütün Yeni dövr tarixinə şahid olub.

Alimlər bu qədər uzun yaşamağı onun çox yavaş maddələr mübadiləsi, az oksigen sərf etməsi və hüceyrələrin yaxşı bərpa olunmasına kömək edən xüsusi genlərlə əlaqələndirirlər. Bu növ molyusklar adətən yüz illərlə yaşayır, amma Minin yaşı hətta onlar üçün də qeyri-adidir.

Acı tərəfi odur ki, onun rekord yaşı yalnız ölüm anında məlum oldu. Min 2006-cı ildə dəniz dibindən çıxarılıb və tədqiqat üçün dondurularkən ölüb.

Beləliklə, Kolumb dövründən qalan ən yaşlı canlı insanın elmi marağı ucbatından həyatını itirib. Bu hekayə göstərir ki, okeanın dərinliklərində gizlənən keçmişin canlı şahidləri nə qədər kövrəkdir və insan marağı onları asanlıqla məhv edə bilər.

Mənbə: gismeteo.ru
Tərcümə etdi: Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et