Ohayo Dövlət Universiteti Tibb Kollecinin alimləri ürəyin zədələnmə və stressdən sonra bərpasına kömək edən yeni mexanizm aşkar ediblər. Araşdırmaya görə, bu prosesdə əsas rolu karnitin palmitoyltransferaza 1a (CPT1a) adlı protein oynayır.
Tədqiqatın nəticələri Circulation Research jurnalında dərc olunub. Alimlər müəyyən ediblər ki, qeyri-işemik kardiomiopatiyası olan xəstələrin ürək toxumalarında CPT1a səviyyəsi yüksəlir, bu isə ürəyin stressə qarşı təbii qoruyucu reaksiyası kimi qiymətləndirilir.Heyvanlar üzərində aparılan təcrübələr zamanı CPT1a səviyyəsi azaldılan siçanlarda ürək çatışmazlığının daha sürətlə inkişaf etdiyi müşahidə olunub. Əksinə, CPT1a-nın artırılmasına yönəlmiş gen terapiyası ürək funksiyasının bərpasına kömək edib.
Alimlər bildiriblər ki, CPT1a təkcə enerji mübadiləsində deyil, həm də ürək toxumasında çapıqlanma və hüceyrə ölümünü ləngidən mexanizmlərdə mühüm rol oynayır. Gələcəkdə bu yanaşmanın insanlar üzərində klinik sınaqlara keçirilməsi planlaşdırılır.
Amina Paşazadə
